Yekaterinburqda keçiriləcək şahmat üzrə iddiaçılar turnirinə tamaşaçıların buraxılması barədə qərar yarışın başlamasından bir müddət əvvəl açıqlanacaq. Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç məlumat verib.
Qeyd edək ki, iddiaçılar turniri pandemiya ilə əlaqədar ötən il martın 26-da 7-ci turdan sonra yarımçıq dayandırılıb. Yeddi turdan sonra Yan Nepomnyaşi (Rusiya) və Maksim Vaşye-Laqrav (Fransa) 4,5 xalla birinci və ikinci yerləri bölüşürlər. Yarışın digər iştirakçıları Aniş Giri (Niderland), Aleksandr Qrişuk (Rusiya), Fabiano Karuana (ABŞ) 3,5, Kiril Alekseyenko (Rusiya) və Liren Dinq (Çin) 2,5 xal toplayıblar. Turnir dayandırıldığı turdan davam etdiriləcək. Qəbul edilən qərara əsasən, aprelin 19-da 8-ci turun qarşılaşmaları keçiriləcək. On dördüncü turadək oyunlar 10 gün ərzində təşkil olunacaq. Şahmatçıların aprelin 17-dən başlayaraq Yekaterinburqa gəlmələri nəzərdə tutulub. Turnirin sonuncu turu aprelin 28-də keçiriləcək.
Xatırladaq ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.
Turnir dayandırıldığı turdan davam etdiriləcək