Messidən daha iki rekord nəticə

Messidən daha iki rekord nəticə

İspaniyanın “Barselona” futbol komandasının hücumçusu və kapitanı Lionel Messi İspaniya La Liqasında ardıcıl 12 mövsümündə azı 25 qol vuran yeganə futbolçu adına sahib çıxıb. Argentinalı futbolçu İspaniya çempionatının XXI turunda “Xetafe”yə qarşı matçda (5:2) dubla imza atıb. Carı mövsümdə Messinin hesabında 25 qol və 9 məhsuldar ötürmə var.
“Xetafe” ilə qarşılaşma ulduz futbolçu üçün daha bir rekordla əlamətdar olub. Belə ki, Messi braziliyalı əfsanəvi hücumçu Pelenin rekordunu da növbəti dəfə qırıb. Görüşdə dubla imza atan Messi La Liqada 469-cu qolunu vurub və bir çempionatda ən çox fərqlənən oyunçu olub. Bundan əvvəl Pele 1957-1974-cü illərdə Braziliya çempionatında "Santos"un heyətində 468 qola imza atıb.
Qeyd edək ki, Lionel Messi 2004-cü ildən "Barselona"nın əsas komandasında oynayır. O, daha əvvəl Pelenin eyni çempionatda qolların hesabına görə rekordunu üstələyib. Bundan əlavə, argentinalı hücumçu “Barselona” ilə 35 titul qazanıb. Messi komandası ilə 10 dəfə İspaniya çempionatında, 7 dəfə İspaniya Kubokunda, 8 dəfə İspaniya Super Kubokunda, 4 dəfə Çempionlar Liqasında, 3 dəfə UEFA Super Kubokunda və 3 dəfə klublararası dünya çempionatında qalib gəlib.