“Mançester Siti” yarımfinalın ilk oyununda son finalçıya qalib gəldi

“Mançester Siti” yarımfinalın ilk oyununda son finalçıya qalib gəldi

Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci oyunu keçirilib. “Park de Prens” stadionunda mərhələnin ən maraqlı görüşündə Fransanın PSJ klubu İngiltərənin “Mançester Siti” komandasını qəbul edib. Almaniyalı FIFA referisi Feliks Brixin idarə etdiyi görüş 2:1 hesabı ilə “Mançester Siti” klubunun qələbəsi ilə başa çatıb. Oyunda hesabı meydan sahibləri 15-ci dəqiqədə açıblar. Anxel
Di Mariyanın ötürməsindən sonra hamıdan tez topa yetişən Markinyos dəqiq baş zərbəsi ilə topu qapıdan keçirib.
Fasilədən sonra hücumların kəsərin artıran Mançester təmsilçisi hesaba tarazlıq gətirib. Qarşılaşmanın 64-cü dəqiqəsində Kevin De Brünye uzaq məsafədən fərqlənib. Matçın 71-ci dəqiqəsində “şəhərlilər” hesabda önə çıxıb. Hakimin təyin etdiyi cərimə zərbəsini Riyad Mahrez dəqiq yerinə yetirib. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişməyib.
Xatırladaq ki, ötən gün yarımfinalın ilk oyununda İngiltərənin təmsilçisi “Çelsi” İspaniyada “Real Madrid”lə heç-heçə edib - 1:1. Bu komandalar arasında cavab görüşləri bir həftə sonra təşkil olunacaq.
Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirinin final görüşü mayın 29-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.