Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək

Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Bununla da ölkə kubokunun finalçıları müəyyənləşəcək. Günün ilk matçında "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq. İlk oyunda rəqibi ilə qolsuz heç-heçəyə razılaşan "köhlən atlar"ı minimal hesablı qələbə də qane edəcək.
Meydan sahiblərinin heyətində Filip Ozobiç və Şahruddin Məhəmmədəliyev zədə səbəbindən oyunda iştirak etməyəcəklər. Qapıçı Ş.Məhəmmədliyev qarşılaşmanın "23-lüy"ündə yer alacaq, amma matçda forma geyinməyəcək. Yüngül zədəsi olan Bədavi Hüseynovun görüşdə iştirakı sual altında olsa da, Patrik Andrade meydana çıxmağa hazırdır. Qonaqların heyətində isə cəzalı və ya zədəli oyunçu yoxdur.
Digər oyunda isə "Zirə" ilk matçda 2:1 hesabı ilə qalib gəldiyi "Keşlə"ni sınağa çəkəcək. Meydan sahiblərinin iki futbolçusu "Keşlə"yə qarşı ev matçında olmayacaq. Ruslan Qurbanov ötən həftə koronavirusa yoluxduğundan, Riçard Almeyda isə cəzalı duruma düşdüyündən, komandasına kömək etməyəcək. Qonaqlarda isə legionerlər - Miyusko Boyoviç və Yevgeni Koçuk zədə səbəbindən meydana çıxmayacaq.