Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2022-ci ildə keçiriləcək İddiaçılar turnirində iştirak edəcək şahmatçıları müəyyənləşdirib. Azərbaycan təmsilçisi Teymur Rəcəbov 2019-cu ildə keçirilmiş dünya kubokunun sahibi kimi bu nüfuzlu yarışda iştirak edəcək.
İddiaçılar turnirində T.Rəcəbovdan başqa bu ilin dekabrında dünya çempionu adı uğrunda keçiriləcək qarşılaşmada məğlub oyunçu (Maqnus Karlsen - Yan Nepomnyaşi), 2021-ci ilin avqustunda keçiriləcək dünya kubokunun qalibi və finalçısı, noyabrda Men adasında təşkil ediləcək “Grand Swiss 2021”də ilk iki yeri tutan şahmatçı və 2022-ci ildə təşkil ediləcək Qran-Pri seriyasının nəticələrinə görə ilk iki yeri tutan şahmatçı mübarizə aparacaq.
Xatırladaq ki, ötən ilin martında Teymur Rəcəbov dünyada hökm sürən koronovirus pandemiyası səbəbindən FIDE-yə iddiaçılar turnirini başqa vaxta təxirə salmağı təklif etmişdi. FIDE isə bu təklifə sərt reaksiya verərək T.Rəcəbovu turnirdən uzaqlaşdırmaq barədə qərar vermişdi.
Qrossmeysterimiz İddiaçılar turnirində iştirak edəcək