Boksçularımız beynəlxalq turnirdən 7 medalla qayıdıblar

Boksçularımız beynəlxalq turnirdən 7 medalla qayıdıblar

Monteneqronun Budva şəhərində gənc və yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib. 15 ölkənin iştirak etdiyi yarışda Azərbaycan milli komandası mübarizə aparıb. Turnirə Vaqif Kazımovun rəhbərlik etdiyi yeniyetmələrdən ibarət yığma qatılıb. Budvaya 10 boksçu ilə yollanan komandamız 3 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub.
Millimizin 3 üzvü turnirin qalibi olub. Kənan Babayev (48 kq) finalda Gürcüstanı təmsil edən Oruc Əhmədovu, Məhəmmədəli Qasımzadə (54 kq) bolqarıstanlı Viktorio İliyevi, Sənan Hətəmov (63 kq) ukraynalı Oleq Sapijakı məğlub edərək qızıl medala yiyələnib.
Digər təmsilçilərimiz Tofiq Quliyevlə (46 kq) Ziya Həsənov (66 kq) həlledici görüşdə məğlub olaraq ikinci yeri tutublar. Yığmamızın üzvləri İbrahim Zeynalov (50 kq) və Xaqani Quliyev (+80 kq) isə bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, yarış bu ilin iyul ayında Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa birinciliyinə hazırlıq xarakteri daşıyıb.