Dünya çempionatı bu gün start götürür

Dünya çempionatı bu gün start götürür

Bu gün Braziliyanın paytaxtı Rio-de-Janeyroda kişi və qadınlar arasında cüdo üzrə dünya çempionatı start götürür. Azərbaycan yığmasının da iştirak etdiyi yarışda ölkəmizi avstriyalı baş məşqçi Petr Zayzenbaherin rəhbərliyi altında 8 cüdoçu (bir qadın) ilə təmsil olunur.
Kişilərin yarışında İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Şahin Qəhrəmanov (90 kq), Elmar Qasımov və reytinq cədvəlində ikinci pillədə yer alan Elxan Məmmədov (hər ikisi 100 kq) tatami üzərinə çıxacaqlar. Qadınların yarışında isə yeganə qadın idmançımız Kifayət Qasımova 57 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.
Yarışın reqlamentinə görə, çempionata qatılacaq komandaların (həm kişi, həm də qadın yığması) heyəti 7+2 nəfərdən ibarət ola bilər. Azərbaycanın kişilərdən ibarət yığma komandasında isə 60 və 100 kq çəki dərəcəsində iki cüdoçu yer alıb. Bununla belə, məşqçilər korpusu yığmamızın heyətində 81 və +100 kq çəki dərəcəsinə layiqli namizəd tapmayıb.
Məlumat üçün bildirək ki, 81 kq çəki dərəcəsində həm Elnur Məmmədli, həm də Tural Səfiquliyev zədəli olduğu üçün dünya çempionatında iştirak etmirlər.
Qeyd edək ki, çempionatın qalib və mükafatçıları reytinq xallarını xeyli yaxşılaşdırmaq imkanı əldə edəcəklər. İlk üç yeri tutan idmançıların aktivinə müvafiq olaraq 900, 540 və 360 reytinq xalı əlavə olunacaq.