Sərbəst güləş üzrə millimiz Olimpiya Oyunlarına hazırlığı davam etdirir. Yığmamız mayın 17-dən etibarən baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Mahaçqalada təlim-məşq toplanışı keçir.
Dağıstanda yerli güləşçilərlə birgə təşkil olunan hazırlıq prosesində Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) iştirak edirlər. Təlim-məşq toplanışı həm fiziki, həm də taktiki-texniki hazırlıq üzrə çalışmaları əhatə edir.
Komandamız iyunun 8-dən 13-dək Varşavada keçiriləcək "Poland Open" turnirinin startınadək Mahaçqalada məşqləri davam etdirəcək. Daha sonra isə reytinq turnirində iştirak etmək üçün Polşaya yollanacaq.
Qeyd edək ki, həmin yarışda ölkəmizi təmsil edəcək yunan-Roma və qadınlardan ibarət millilərimizin üzvləri də ölkə xaricindədir. Qadın güləşçilərimiz mayın 24-də Bolqarıstanda yerli komandayla birgə təlim-məşq toplanışına başlayıb. Klassik güləşin nümayəndələri sabahdan Macarıstanda hazırlıq prosesinə start verəcəklər.