“Vilyarreal” Avropa Liqasının qalibi oldu

“Vilyarreal” Avropa Liqasının qalibi oldu

Polşanın Qdansk şəhərində futbol üzrə UEFA Avropa Liqasının 2020-2021-ci illər mövsümünün final görüşü keçirilib. Turnirin həlledici görüşündə İngiltərənin “Mançester Yunayted” klubu İspaniyanın “Vilyarreal” komandası ilə üz-üzə gəlib. Gərgin keçən görüşdə hesabı ispanlar açıblar.  Matçın 29-cu dəqiqəsində Daniel Parexonun cərimə meydançasına ötürməsindən sonra topa hamıdan tez yetişən Jerard Moreno komandasını hesabda önə çıxardıb. Fasilədən sonra hücumların kəsərin artıran "Mançester Yunayted" komandası oyunun 55-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Edison Kavani rəqibin müdafiəsində yaranmış boşluqdan istifadə edib.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Oyunda qalibi müəyyənləşdirmək üçün 30 dəqiqəlik əlavə vaxt oynanılsa da, hesab dəyişməyib.
Beləliklə, oyunda qalib 11 metrlik cərimə zərbələrindən sonra müəyyən olunub.
Penalti seriyalarında daha üstün olan (11:10) “Vilyarreal” UEFA Avropa Liqasının qalibi olub.
Beləliklə, bu klub tarixində ilk dəfə UEFA Avropa Liqasının kubokunu başı üzərində qaldırıb.
Komandanın baş məşqçisi Unai Emeri isə artıq dörd dəfə bu həyəcanı yaşayıb. İspaniyalı mütəxəssis 2013-2016-cı illərdə ölkəsinin “Sevilya”, 2018-2019-cu il mövsümündə isə İngiltərənin “Arsenal” komandası ilə finala çıxmağı bacarıb. “Sevilya” ilə ilk üç finalda qələbə qazanan U.Emeri London klubunun sükanı arxasında olarkən Bakıda baş tutmuş həlledici oyunda “Çelsi”yə məğlub olub. Əlli yaşlı mütəxəssis, həmçinin üç müxtəlif komandanın baş məşqçisi kimi UEFA Avropa Liqasının finalına yüksələn ilk çalışdırıcı kimi tarixə düşüb.
Bu qələbə sayəsində "Vilyarreal" həm də 2021-2022-ci il mövsümündə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.