Cənubi Amerikada dünya çempionatı həyəcanı davam edir

Cənubi Amerikada dünya çempionatı həyəcanı davam edir


Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən cüdo üzrə dünya çempionatı davam edir. 123 ölkədən 680 cüdoçunun iştirak etdiyi yarışda komandamız 8 cüdoçu ilə təmsil olunur.
Yarışların ilk günündə tatami üzərinə 2 idmançımız çıxıb.
60 kq çəki dərəcəsində qüvvəsini sınayan İlqar Müşkiyev ilk görüşündə ermənistanlı Ovanes Davtyana qalib gəlib. Növbəti mərhələdə Ernan Birbrierlə (Argentina) üz-üzə gələn təmsilçimiz bu dəfə ipponla qələbə qazanıb. Yarımfinalda idmançımızın rəqibi Qazaxıstan cüdoçusu Askat Telmanov olub. Həmyerlimiz təəssüf ki, uğurunun ardını gətirə bilməyib. Belə ki, rəqibinə ipponla uduzan İlqar çempionatı medalsız başa vurub. 

Digər idmançımız Orxan Səfərov yarışlara1/32 final mərhələsidən qoşulub. İlk görüşdə çempionatın favoritlərindən olan rusiyalı Beslan Mudranova qalib gələn cüdoçumuz daha sonra ABŞ idmançısı ilə qarşılaşıb. Bu görüşdə rəqibi Nikolas Kossoru ipponla məğlub edən təmsilçimiz, 1/8 finalda israilli Artyom Arsanskini də eyni fəndlə üstələyib. Təəssüf ki, idmançımızın yarımfinala yüksəlməsinə koreyalı cüdoçu mane olub. Rəqibinə məğlub olan Orxan bürünc medal uğrunda təsəlliverici görüşə çıxıb. Qazaxıstanlı idmançı Yeldos Smetova yuko xalı ilə qalib gələn cüdoçumuz, həlledici görüşdə Amiran Papinaşvilini (Gürcüstan) də məğlub edərək bürünc medala layiq görülüb.
Çempionatın ikinci günündə daha 2 çəki dərəcəsi üzrə (66 kq kişilər, 52 kq qadınlar) görüşlər keçirilib. Cüdoçularımızdan 66 kq çəki dərəcəsində Nicat Şixəlizadə tatami üzərinə çıxıb.
Təəssüf ki, Nicat Şıxəlizadə (66 kq) ona bəslənən ümidləri doğrultmayıb. Baxmayaraq ki, təmsilçimiz ilk üç görüşündə Bense Zamboru (Macarıstan), Saşa Mehmedoviçi (Kanada) və Dimitri Draqini (Fransa) ippon fəndi ilə məğlub etmişdi.
Amma idmançımız 1/4 finalda Ukrayna cüdoçusu Georgi Zantaraya elə ippon fəndi ilə uduzub. Bürünc medal uğrunda təsəlliverici görüşə çıxan təmsilçimiz Yaponia cüdoçusu Masaaki Fukuokayala da bacarmayıb və çempionatı medalsız başa vurub.
Bu gün cüdoçularımızdan daha ikisi tatami üzərinə çıxacaq. Komandamızın heyətində Rüstəm Orucov (73 kq) və Kifayət Qasımova (57 kq) birincilik uğrunda mübarizə aparacaqlar.

Azər