Cüdoçularımız Cənubi Amerikada hələlik bir medal qazanıblar

Cüdoçularımız Cənubi Amerikada hələlik bir medal qazanıblar


Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən cüdo üzrə dünya çempionatı davam edir. 123 ölkədən 680 cüdoçunun iştirak etdiyi yarışda komandamız 8 cüdoçu ilə təmsil olunur.
Yarışların ilk günündə tatami üzərinə 2 idmançımız çıxıb.
60 kq çəki dərəcəsində qüvvəsini sınayan İlqar Müşkiyev ilk görüşündə ermənistanlı Ovanes Davtyana qalib gəlib. Növbəti mərhələdə argentinalı Ernan Birbrierlə üz-üzə gələn təmsilçimiz bu dəfə ipponla qələbə qazanıb. Yarımfinalda idmançımızın rəqibi Qazaxıstan cüdoçusu Askat Telmanov olub. Həmyerlimiz, təəssüf ki, uğurunu davam etdirə bilməyib. Belə ki, rəqibinə ipponla uduzan İlqar dünya çempionatını medalsız başa vurub.
Digər idmançımız Orxan Səfərov yarışlara 1/32 final mərhələsindən qoşulub. İlk görüşdə çempionatın favoritlərindən olan rusiyalı Beslan Mudranova qalib gələn cüdoçumuz daha sonra ABŞ idmançısı ilə qarşılaşıb. Bu görüşdə rəqibi Nikolas Kossoru ipponla məğlub edən təmsilçimiz, 1/8 finalda israilli Artyom Arsanskini də eyni fəndlə üstələyib. Təəssüf ki, koreyalı cüdoçu idmançımızın yarımfinala yüksəlməsinə mane olub. Qızıl medala gedən yolda məğlubiyyətlə üzləşən olan Orxan bürünc medal üçün təsəlliverici görüşə çıxıb. Qazaxıstanlı idmançı Yeldos Smetova yuko xalı ilə qalib gələn cüdoçumuz, həlledici görüşdə gürcüstanlı Amiran Papinaşvilini də məğlub edərək bürünc medala layiq görülüb. Bununla da komandamız Cənubi Afrikada ilk medalını qazanıb.
Çempionatın ikinci günündə daha 2 çəki dərəcəsi üzrə (66 kq kişilər, 52 kq qadınlar) görüşlər keçirilib. Cüdoçularımızdan 66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə (66 kq) tatami üzərinə çıxıb.
Təəssüf ki, təmsilçimiz ona bəslənən ümidləri doğrultmayıb. 1/4 finala qədər, cüdoçumuz üç görüşündə Bense Zamboru (Macarıstan), Saşa Mehmedoviçi (Kanada) və Dimitri Draqini (Fransa) ippon fəndi ilə məğlub etmişdi.
Amma idmançımız 1/4 finalda Ukrayna cüdoçusu Georgi Zantaraya elə ippon fəndi ilə uduzub. Bürünc medal uğrunda təsəlliverici görüşə çıxan təmsilçimiz yaponiyalı Masaaki Fukuoka ilə bacarmayıb və çempionatı medalsız başa vurub.
Yarışların üçüncü günündə isə cüdoçularımızdan daha ikisi - Rüstəm Orucov (73 kq) və Kifayət Qasımova (57 kq) tatami üzərinə çıxsa da medal qazanmaq mümkün olmayıb. Mübarizəyə 1/64 finaldan başlayan Rüstəm ilk rəqibi çinli Hu Xianqfey üzərində asan qələbə qazanıb. Lakin növbəti görüşdə macarıstanlı Mikloş Unqvariyə məğlub olan idmançımız turnirlə erkən vidalaşmalı olub. Qadın cüdoçuların yarışında isə Kifayət Qasımova birincilik uğrunda yarışıb. İlk görüşündə paraqvaylı rəqibi Andrea Fleytası cəmi 11 saniyəyə ipponla məğlub edən Kifayət, növbəti mərhələdə Bolqarıstan təmsilçisi İvelina İliyevanı bu dəfə 58 saniyəyə məğlub edib. Amma cüdoçumuz 1/8 finalda almaniyalı idmançı Miryam Roperə məğlub olaraq mübarizəni dayandırıb.