Məktəbli şahmatçılar Qubaya toplaşıblar

Məktəbli şahmatçılar Qubaya toplaşıblar


Avqustun 28-də Qubada "Təhsil” Respublika İdman Mərkəzinin (RİM) məktəblilər arasında şahmat üzrə respublika çempionatı başlayıb. Yarışın açılış mərasmində "Təhsil” Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətov, Milli Olimpiya Komitəsinin məsul işçisi, "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, rayon Təhsil Şöbəsinin müdiri Süleyman Aslanov, Azərbaycan Şahmat Federasiyasının baş katibi İbrahim Məmmədov, Quba Şahmat Məktəbinin direktoru Qüdrət İsmayılov və digər qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan "Təhsil” Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın bütün növləri kimi, şahmat da sürətlə inkişaf edir. Bu gün ölkəmizdə istedadlı şahmatçılar yetişir. Müxtəlif yaş qrupunda çıxış edən zəka sahiblərimiz beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər.

Çıxışlar başa çatdıqdan sonra çempionat iştirakçıları himnimizi canlı şəkildə oxumuş və çempionata start verilmişdir. 6 yaş qrupu (U-16, U-14, U-12, U-10, U-8, U-6) üzrə keçirilən yarış 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilir. Çempionat seçmə xarakteri daşıyır. Belə ki, hər yaş qrupunda birinci yeri tutan şahmatçılar gələn il dünya, ikinci yeri tutanlar isə Avropa çempionatına vəsiqə əldə edəcəklər. Çempionat sentyabrın
5-də yekunlaşacaq.