Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.
Beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan yunan-Roma güləşçiləri xalça üzərinə çıxıb.
Mübarizəyə 1/4 finaldan qoşulan Fəraim Mustafayev estoniyalı idmançını vaxtından əvvəl üstələyərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Rusiyadan olan güləşçini də tam üstünlüklə yolundan kənarlaşdıran Mustafayev finala vəsiqə qazanıb.
Kənan Abdullazadə ilk mərhələdə türkiyəli həmkarı üzərində əzmkar qələbə qazanıb. Həmyerlimiz daha sonra erməni rəqibini "tuşe" ilə xalçadan məyus yola salıb. Ancaq Ukrayna təmsilçisiylə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Kənan iyunun 19-da təsəlliverici görüşə çıxacaq.
Fərid Baxışlı debütdə estoniyalı güləşçiyə tam üstünlüklə qalib gəlib. Yeniyetmə pəhləvanımız Almaniya təmsilçisinə də eyni aqibəti yaşadıb. Rusiya təmsilçisiylə gərgin keçən mübarizədə də sevinən tərəf olan Baxışlı adını yarımfinala yazdırıb. Bu mərhələdə Belarus güləşçisindən də güclü olan Baxışlı finala adlayıb.
Cocu Səmədov 1/8 finalda belaruslu rəqibinə uduzub.
Qeyd edək ki, bu çəkilərdə təsəlliverici görüşlər və medal qarşılaşmaları iyunun 19-da keçiriləcək.
İki güləşçimiz Avropa çempionatının finalında