Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatına yekun vurulub. 123 ölkədən 680 cüdoçunun mübarizə apardığı yarışda yığma komandamız 8 idmançı ilə təmsil olunub.
Bütün idman ictimaiyyətinin diqqətinin cəm olunduğu turnir millimizin möhtəşəm zəfəri ilə yadda qalıb. 100 kq çəki dərəcəsində hamıdan güclü olduğunu sübut edən Elxan Məmmədov dünya çempionu olaraq millimizə qızıl medal qazandırıb.
Çempionatın altıncı günündə 100 kq çəki dərəcəsində mübarizəyə qoşulan cüdoçumuz ilk görüşündə Seyşel adalarının təmsilçisi Dominik Dyuqasseni məğlub edib. Növbəti mərhələdə İsrail idmançısı Or Sassondan üstün olan idmançımız, daha sonra ispaniyalı David Alarzaya da qalib gəlib. Yarımfinalda yaponiyalı cüdoçu Takaşi Onoyanı mübarizədən kənarlaşdıran təmsilçimiz finala yüksəlib. Həlledici mərhələdə hollandiyalı idmançı Henk Qroldan üstün olan Elxan Məmmədov dünya çempionu adına layiq görülüb.
Qeyd edək ki, Henk Grol 2010-cu ildə dünya ikincisi, 2012-ci ildə isə Olimpiya oyunlarının üçüncüsü olmuşdu. Məlumat üçün qeyd edək ki, Rio-de-Janeyroda təşkil olunan turnirə qədər heç bir cüdoçumuz dünya çempionatının qızıl medalını qazana bilməmişdi. Əvvəllər, bu uğura Nazim Hüseynov və Elnur Məmmədli yaxın olsalar da, son anda məğlub olaraq dünya çempionatının gümüş medallarına sahib olmuşdular. Elxan Məmmədov isə anoloji yarışın bürünc medalına layiq görülüb.
100 kq çəki dərəcəsində mübarizə aparan daha bir idmançımız Elmar Qasımov isə məğlub olaraq turniri medalsız başa vurub.
Qeyd edək ki, yarışın ilk 4 günündə mübarizə aparan idmançılarımız -İlqar Müşkiyev, Nicat Şixəlizadə (66 kq), Rüstəm Orucov (73 kq) Kifayət Qasımova (57 kq) və Şahin Qəhrəmanov mükafatçılar sırasına düşə bilməyiblər.
Çempionatın ilk günündə mübarizəyə qoşulan cüdoçumuz Orxan Səfərov (60 kq) komandamıza bürünc medal qazandırıb. Bununla da, cüdo üzrə yığma komandamız Braziliyanın Rio-de-Janeyro şəhərində bir qızıl və bir bürünc medala sahib olaraq dünya çempionatında komanda hesabında 6-cı yerdə başa vurub.
Qeyd edək ki, Elxan Məmmədov bu qələbəsi ilə Azərbaycana böyüklər arasında cüdo üzrə dünya çempionatının ilk, millimizə isə ikinci qızıl medalı qazandırdı. Xatırladaq ki, ötən ay Mayamidə keçirilən yeniyetmələr arasında dünya çempionatında 50 kq çəki dərəcəsində mübarizə aparan Natiq Qurbanlı millimizə ilk qızıl medalı təmin etmişdi.
Maraqlıdır ki, ölkəmizdə cüdo idman növü üzrə belə yüksək nəticələrin əldə edilməsi təqdirəlayiq haldır. Bütün bunları London-2012 Olimpiadasından sonra cüdo millimizin hazırlıq səviyyəsinin artırılması, o cümlədən milli komandaya yeni baş məşqçinin təyin edilməsi, təlim-məşq prosesinin təkmilləşdirilməsi və cüdonun maddi-texniki bazasının daha da gücləndirilməsinin əməli nəticəsi kimi qiymətləndirmək olar.