Güləş 704-cü ildə Yay Olimpiya Oyunlarınına daxil edilib. Yunan-Roma güləşi üzrə dünya çempionatları 1904-cü ildən keçirilir. Sərbəst güləş üzrə Avropa çempionatı isə ilk dəfə 1929-cu ildə təşkil olunub. Keçmiş sovet idmançıları ilk dəfə 1953-cü ildə bu yarışlarda qüvvələrini sınayıblar. 2004-cü ildə qadın güləşi Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.
1951-ci ildə SSRİ-də Olimpiya Komitəsi yaranır və tezliklə BOK-un üzvülüyünə qəbul edilir. Bundan sonra Sovet idmançıları Olimpiya Oyunlarına buraxılırlar. SSRİ yığma komandasının tərkibində Azərbaycan idmançıları da mübarizəyə qoşulduqlarından bu yazımızda oxuculara XV Olimpiya Oyunlarından başlayaraq bu mötəbər yarışlar haqqında daha geniş məlumat verəcəyik.
XV Yay Olimpiya Oyunları, Helsinki - 1952
Rəşid Məmmədbəyov-1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1942-ci ildə "İskra” cəmiyyətində-SSRİ-nin əməkdar məşqçisi Rza Baxşəliyevin başçılığı altında sərbəst güləş bölməsində məşğul olmuşdur. O, 1943-45-ci illərdə Bakı, Respublika çempionu, 1945-ci ildə "Milli güləş” üzrə respublika çempionu, 1947-ci ildə SSRİ çempionatında II yeri, 1948-ci ildə III yeri, 1949-cü ildə Ümumittifaq yarışlarında II yeri, 1952-ci ildə dünya birinciliyində II yeri tutmuşdur. 1952-ci ildə XV Olimpiya oyunlarının gümüş mükafatçısıdır.
Helsinkidə ən böyük müvəffəqiyyətə yüngülvari çəkidə (57 kq-dək) çıxış etmiş sərbəst üsulla güləşən 25 yaşlı Rəşid Məmmədbəyov nail olmuşdur. Bu çəki dərəcəsində 20 ölkənin pəhləvanı çıxış edirdi. R.Məmmədbəyov ilk görüşdə 32 saniyəyə İranlı pəhləvan Məhəmməd Yəqubinin kürəyini yerə vurdu. İkinci dövrədə Rəşid İsveçrə nümayəndəsi Paul Henni ilə qarşılaşmalı idi. Lakin o, nədənsə döşəyə çıxmadı və qələbə həmyerlimizə verildi. Bu qələbələr Rəşidin medallar uğrunda mübarizə aparmaq imkanını xeyli artırdı. Üçüncü dövrədə Rəşid Amerika Birləşmiş Ştatlarının nümayəndəsi B.Bodreslə güləşdi. Bütün görüş ərzində üstünlüyə malik olan Azərbaycan pəhləvanı 11-ci dəqiqədə təmiz qələbə qazandı. Macarıstanlı Layoş Bentse də Rəşidin yüksək texnikası qarşısında aciz qalıb məğlubiyyətə uğradı. Yarımfinalda Rəşid Məmmədbəyov Hindistanlı Xa-Şaba Yadav ilə görüşdə açıq güləş nümayiş etdirərək xal hesabı ilə qələbə qazandı.
Finalda Rəşid Yaponiya çempionu Soxati İşil ilə görüşmüşdü. O, həmyerlimizi xal hesabı ilə udaraq olimpiya çempionu adını qazanmışdır. Həmyerlimiz isə olimpiadanın gümüş mükafatını almışdır. Beləliklə, ilk Azərbaycan olimpiadaçıları ailəsinə daxil olan Rəşid Məmmədbəyov vətənə medalla qayıtdı.
Helsinkidə digər məşhur Azərbaycan güləşçisi, dördqat ölkə çempionu, əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi İbrahimpaşa Dadaşovun bəxti gətirmədi.
İbrahimpaşa Hüseyn oğlu Dadaşov-1925-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1957-ci ildən SSRİ-nini əməkdar məşqçisi, əməkdar idman ustası, Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman xadimi, 4 dəfə SSRİ çempionudur.
İ.Dadaşov 1945-ci ildə "Dinamo” cəmiyyətində sərbəst güləş idman növü üzrə məşqə başlamış, bir neçə aydan sonra Azərbaycanın, "Dinamo” cəmiyyəti Mərkəzi Şurasının, 1949-cu ildə Bakı şəhərində keçirilən SSRİ çempionatının (62 kq) çempionu, 1950-ci ildə III yer, 1951-52-ci illərdə isə SSRİ birinciliyində ən yüksək pilləyə qalxmışdır. 1952-ci il XV Yay Olimpiya oyunlarında 62 kq çəkidə 21 güləşçi arasında VIII yer tutmuşdur. 1954-cü ildə Leninqrad şəhərində keçirilən SSRİ çempionatında gümüş, 1955-ci
ildə Minskdə keçirilən ölkə çempionatında gümüş medal qazanmışdır. 1956-cı ildə SSRİ xalqlarının I Yay spartakiadasının ilk çempionu olmuşdur.
İ.Dadaşov 1990-cı ildə ömrünün 65-ci ilində vəfat etmişdir. Onun bir idmançı və məşqçi kimi əməyi yüksək hökumət mükafatları ilə: "Şərəf nişanı” ordeni, SSRİ medalları, Azərbaycan SSR Ali Soveti Rəyasət Hey’ətinin fəxri fərmanları ilə təltif edilmişdir.
Yarımyüngül çəkidə (62 kq) çıxış edən İbrahimpaşa Dadaşov 1 dəqiqə 37 saniyə ərzində misirli Ə.Yassəvin üzərində qələbə qazandı. Bu çəki dərəcəsində 21 ölkənin nümayəndəsi iştirak edirdi. Birinci dövrədə qalib gəlməsinə baxmayaraq ikinci dövrədə İ.Dadaşov türk pəhləvanı Bayram Şitə xal hesabı ilə uduzdu. O, üçüncü dövrədə Fransa pəhləvanı Roce Byel ilə görüşür. Görüş Azərbaycan pəhləvanının xeyrinə (3:0 xal hesabı ilə) nəticələnir. Bakılının Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Josiya Xensonla görüşü həlledici əhəmiyyət daşıyırdı. Qalib gələn finala çıxırdı. Mütəxəssislərin yekdil fikrincə Dadaşov rəqibindən açıq-aşkar güclü idi, amma hakimlər üstünlüyü amerikalıya verərək Azərbaycan güləşçisini "qanuni” medalından məhrum etdilər. Bu çəki dərəcəsində İ.Dadaşov 8-ci yerlə kifayətlənməli olur.
XVIII Yay Olimpiya Oyunları, Tokio- 1964
Aydın Əli oğlu İbrahimov 1938-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Dünya, Avropa, SSRİ çempionu, XVIII Yay Olimpiya oyunlarının bürünc mükafatçısı və əməkdar idman ustasıdır.
A.İbrahimov keçmiş Sovet idmançılarının tərkibində dünya çempionatlarında 1959-cü ildən iştirak etməyə başlamışdır. 1963-cü ildə Sofiyada (Bolqarıstan) 57 kq çəkidə ilk dəfə olaraq Azərbaycan pəhləvanları arasında dünya çempionu, 1966-cı ildə Karlsruyedə (AFR) 57 kq çəkidə Avropa çempionu, həmin ildə SSRİ çempionu olmuşdur.
1964-cü ildə Tokio (Yaponiya) şəhərində keçirilən XVIII Olimpiya oyunlarının bürünc mükafatçısı olmuşdur.
57 kq çəki dərəcəsində sovet ölkəsini həmyerlimiz dünya çempionu Aydın İbrahimov təmsil edirdi. Aydın cəmi 6 görüş keçirdi, bunlardan 4-nü uddu, 2-ni isə uduzdu və beləliklə, özünə 3-cü yeri tə’min etdi. Yarış göstərdi ki, Aydın İbrahimov həm ayaq üstə, həm də parter vəziyyətində yaxşı güləşir. Lakin o rəqibi pis vəziyyətə salan zaman saxlaya bilmir. Bu onun yapon Utaks və türk Akbaş ilə görüşündə mə’lum oldu. Aydın Utaksa cəmi 1 xalla uduzdu. Lakin bacarıqlı Akbaşla güləşəndə isə az üstünlüklə uduzdu, halbuki o, rəqibindən həm ustalıq, həm də fiziki cəhətdən çox-çox güclü idi.
XXVI Yay Olimpiya Oyunları, Atlanta - 1996
Atlanta Olimpiadasında 197 ölkədən 10788 idmançı iştirak edirdi. Burada idmanın 26 növü üzrə 271 medal dəsti uğrunda mübarizə aparırdılar. Azərbaycan yarışlarda 2 nəfər yunan-Roma güləşçisi (Vilayət Ağayev və Tahir Zahidov), 6 nəfər sərbəst güləşçi (Namiq Abdullayev, Arif Abdullayev, Eyvaz Allahverdiyev, Məmmədsalam Hacıyev, Məhəmməd İbrahimov, Davud Məhəmmədov) təmsil edirdilər.
Olimpiadanın sərbəst güləş üzrə final turnirində bolqar Valentin Dmitrov-İordanov 52 kiloqramadək çəkidə Azərbaycan pəhləvanı Namiq Abdullayevlə görüşmüşdür.
Yeddi dəfə dünya çempionu Dmitrov - İordanov görüşdə liderlik etmiş, lakin əsas vaxtın qurtarmasına 3 saniyə qalmış Namiq fənd işlədərək hesabı bərabərləşdimişdir-3:3.
Əlavə vaxtda bolqar mübarizədən daim yayınaraq Namiqə fənd işlətməyə imkan verməmişdir. Belə anlardan birində, güləşçilər xalçadan kənara çıxarkən hakim fit vermişdir. Namiq rəqibini buraxmış, lakin bolqar onu parter vəziyyətinə salmışdır. Buna görə də tamamilə ədalətsiz olaraq Bolqarıstan pəhləvanına xal verilmişdir.
Azərbaycan Respublikası idmançılarının müstəqil komanda kimi çıxış etdikləri ilk Olimpiya oyunlarının ölkəmizin nümayəndəsinə təqdim etdiyi ilk gümüş medal. Bu medalın sahibinin, dünyanın ən mahir sərbəst güləşmə ustalarından biri Namiq Abdullayevin adı isə Olimpiya oyunları tarixinə həmişəlik yazıldı.
Ümumiyyətlə, müqayisə üçün qeyd edək ki, Olimpiya oyunlarında iştirak edən 197 milli komandadan yalnız 79-u medal qazana bilmişdir. Azərbaycan Milli Olimpiya komandası medalçı komandalar arasında 61-ci yeri tutmuşdur. 120-yə yaxın ölkə komandası Olimpiya oyunlarında öz vətənlərinə medal qazanmadan-əliboş qayıtmışlar. Azərbaycan MDB ölkələri sırasında 7-ci yeri tutmuşdur.
Komandamızın ən yüngül çəkili güləşçisi, ikiqat Avropa çempionu Namiq Abdullayev ona olan ümidləri doğrultdu. Onun qazandığı gümüş medal Azərbaycan pəhləvanlarının Olimpiya oyunlarında sərbəst güləş üzrə qazandıqları ikinci, müstəqil Azərbaycan bayrağı altında əldə edilmiş birinci medal idi.
Atlanta Olimpiya Oyunlarında 23 idmançı ilə təmsil olunan Azərbaycan komandası 197 ölkə arasında 61-ci yeri tutdu.
XXVII Yay Olimpiya Oyunları, Sidney - 2000.
Respublikamız yarışların bu növündə üç güləşçi ilə təmsil olunmuşdur:
54 kq çəki dərəcəsində 1993-cü ilin Avropa çempionu, 1995-ci il dünya çempionatının gümüş mükafatçısı, beynəlxalq dərəcəli usta Natiq Eyvazov ilk görüşdə yeni zelandiyalı güləşçiyə tam üstünlüklə qalib gəldikdən sonra növbəti görüşdə kubalı L.Rivasa xal hesabı ilə məğlub oldu. Qrupda üçüncü görüşündə türk güləşçisinə qalib gələn Natiq nəticədə 7-ci yerlə kifayətlənməli oldu.
69 kq çəki dərəcəsində yarışan daha təcrübəli usta, 4 dəfə dünya çempionu İslam Duduçiyevə böyük ümid bəslənirdi. Lakin o da imkanlarından aşağı səviyyədə çıxış edərək Olimpiya yarışlarını 6-cı yerlə başa vurdu. İlk iki görüşdə İran və fin güləşçilərinə qalib gələn İslam estoniyalı güləşçi Nikitinlə görüşdə gözlənilməz səhvə yol verərək məğlub oldu.
Zədələndiyinə görə 5-ci və 6-cı yerlər uğrunda koreyalı güləşçiyə qarşı görüşdən imtina etmiş İslam Duduçiyev 6-cı yerdə qaldı.
76 kq çəki dərəcəsində güclü güləşçilərlə bir qrupda yarışan Xviça Bçinaşvili hər iki rəqibinə (Koreya və Türkiyə güləşçilərinə) məğlub olaraq mübarizəni dayandırmalı oldu.
Yunan-Roma güləşçilərinə böyük ümidlər bəslənilsə də, onlar imkanlarından aşağı səviyyədə çıxış etdilər. Lakin ötən Olimpiya oyunları ilə müqayisədə Yunan-Roma güləşçilərimiz tərəfindən müəyyən irəliləyişlər əldə edilmişdir. İlk növbədə bu qazanılmış lisenziyaların sayında əks olunur. Belə ki, Atlanta
Olimpiya oyunlarına yalnız iki idmançımız-Tahir Zahidov Avropa çempionatında 8-ci yerə, Vilayət Ağayev isə həmin yarışda 7-ci yerə çıxmaqla qatılmışdılarsa, Sidney Olimpiya oyunlarına üç idmançımız çox mö’təbər beynəlxalq turnirlərdə yüksək nəticə göstərərək iştirak etmək hüququna malik olmuşdular. Nailiyyət baxımından yenə də əgər Atlantada 1 idmançımız-Vilayət Ağayev onluğa düşmüş, Tahir Zahidov isə 11-ci yerə çıxmışdısa, Sidneydə Natiq Eyvazov 7-ci yerə, İslam Duduçiyev 6-cı yerə layiq görülmüşlər.
XXVII Yay Olimpiya Oyunlarda milli komandamız daha çox sayda sərbəst güləşçi ilə təmsil olunmuşdu:
58 kq çəki dərəcəsində yarışan Arif Abdullayev ilk görüşündə Almaniya güləşçisinə qalib gəldikdən sonra növbəti görüşündə ukraynalı güləşçi ilə qarşılaşdı. Bu görüş 5:2 hesabı ilə Arifin xeyrinə nəticələnsə də, Ukrayna nümayəndə hey’ətinin e’tirazına əsasən təkrar görüş keçirildi. Təkrar görüşün qurtarmasına 27 saniyə qalmış 5:2 hesabı ilə irəlidə olan güləşçimiz bir an sayıqlığını itirərək, rəqibin bir-birinin ardınca iki fənd işlətməsinə və 5 xal qazanmasına, bununla da 7:5 hesabı ilə qələbə qazanmasına imkan verir. Qrupda Arif Abdullayev daha bir görüşü uduzaraq nəticədə 10-cu yerdə qalır.
63 kq çəki dərəcəsində də təcrübəli güləşçi, beynəlxalq dərəcəli usta Şamil Əfəndiyev qrupda keçirdiyi 3 görüşdən ikisində (Slovakiya və avstriyalı güləşçilərlə görüşdə) qələbə qazansa da, növbəti mərhələyə çıxmaq üçün koreyalı güləşçi ilə görüşdə məğlubiyyətə uğrayaraq mübarizəni dayandırdı. Nəticədə Ş.Əfəndiyev 7-ci yerlə kifayətlənməli oldu.
76 kq çəki dərəcəsində çıxış edən Atlanta Olimpiadasının iştirakçısı, beynəlxalq dərəcəli usta Elşad Allahverdiyev son dərəcə zəfi çıxış edərək qrupda keçirdi bütün görüşlərdə məğlubiyyətə uğradı.
97 kq çəki dərəcəsində çıxış edən daha bir Atlanta Olimpiadasının iştirakçısı Davud Məhəmmədov da qrupdakı görüşlərini imkanlarından xeyli aşağı səviyyədə keçirərək heç bir qələbə qazana bilmədi.
Ağır çəkili pəhləvanlar arasında yarışan (130 kq) Rəcəb Əshəbəliyev ilk görüşündə Ukrayna güləşçisi üzərində təmiz qələbə qazansa da, sonrakı görüşdə amerikalı M.Kerriyə məğlub olub, nəticədə 9-cu yerdə qaldı.
Atlanta Olimpiadasının final görüşündə hakimlərin qeyri-obyektivliyi üzündən gümüş medalla kifayətlənmiş beynəlxalq dərəcəli usta Namiq Abdullayev bu dəfə qızıl medal uğrunda mübarizəyə tam qətiyyətlə qoşulmuşdu.
19 güləşçinin yarışdığı 54 kq çəki dərəcəsində Namiq ilk iki görüşdə koreyalı güləşçiyə-Kim Ki Doila və Yeni Zelandiyadan olan rəqibinə-Lidlle Martinə tam üstünlüklə qalib gələrək, üçüncü görüşdə Yunanıstan pəhləvanı üzərində parlaq qələbə qazanaraq Atlantada olduğu kimi yenə də finalda yarışmaq hüququ qazandı. Finalda Namiqin rəqibi amerikalı güləşçi dünya çempionu Samuel Henson oldu.
Əvvəldən axıra qədər görüşü yüksək tempdə və səviyyədə keçirən güləşçimiz görüşün qurtarmasına 58 saniyə qalmış (hesab 3:3 olarkən) sür’ətli bir fənd işlədərək dördüncü xalı qazanır və bu "qızıl” xalı görüşün sonunadək saxlaya bilir. Bu isə qələbə demək idi. N.Abdullayev XXVII Yay Olimpiya oyunlarının çempionu adına layiq görülür və qızıl medala sahib olur.
XXVIII Yay Olimpiya Oyunları, Afina - 2004
Afina-2004 Olimpiya Oyunları Azərbaycan idmanının yeni şanlı səhifəsini yazdı. 21-ci minilliyin ilk Olimpiya oyunlarında 12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan milli komandası bu möhtəşəm yarışdan vətənə 1 qızıl, 4 bürünc medalla qayıtdı. Bu oyunlarda BOK-un üzvü olan 204 ölkədən 202-si iştirak edirdi.
Yarışlarda 11039 idmançı 2021 medal, o cümlədən 669 qızıl, 666 gümüş və 686 bürünc medal uğrunda mübarizəyə qoşulmuşdu. Azərbaycanın milli komandası 38 idmançı ilə idmanın 12 növündə təmsil olunurdu.
Atletlərimiz XXVIII Yay Olimpiya Oyunlarında 5 medal (1 qızıl, 4 bürünc) qazandı. Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində 22 yaşlı Fərid Mansurov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl, medal yazdı.
XXIX Yay Olimpiya Oyunları, Pekin- 2008
XXIX Pekin Yay Olimpiya Oyunlarında ölkəmiz 12 - güləş (sərbəst güləş (7), yunan-Roma güləşi (6) və qadın güləşi (3) idmançı ilə təmsil olunurdu. Bu yarışda təmsilçilərimiz digər Olimpiya oyunlarından həm idmançıların, həm də qazanılan medalların sayına görə fərqlənirdi.
Maraqlıdır ki, atletlərimiz ilk dəfə olimpiadanın atçılıq yarışlarında və bədii gimnastika üzrə qrup hərəkətlərində qüvvələrini sınadılar. Bundan əlavə, Pekin-2008 qadın güləşçilərimizin mübarizə aparacağı ilk olimpiada kimi tarixə düşdü.
Gümüş medalları yunan-Roma güləşində əldə etdik. Finala qədər heç bir idmançıya aman verməyən Vitali Rəhimov (60 kq) həlledici matçda rusiyalı idmançıya məğlub olaraq, gümüş medal qazandı. Rövşən Bayramov (55 kq) da yunan-Roma güləşində finala qədər bütün rəqiblərini məğlubiyyətə uğratdı. İdmançımız finalda Rusiya təmsilçisinə 6:5 (3:2, 2:2) hesabı ilə uduzaraq 2-ci yerlə barışmalı oldu.
Sərbəst güləşçimiz Xetaq Qazyumovu (96 kq) yarımfinalda Rusiya atleti dayandırdı. Təmsilçimiz bürünc medala layiq görüldü. İlk görüşdə məğlub olsa da, rəqibinin finala qədər irəliləməsi Mariya Stadnikin (48 kq) təsəlli yarışlarda qüvvəsini sınaması ilə nəticələnib. Medal uğrunda yarışda isə zərif cinsin nümayəndəsi qazaxıstanlı idmançını döşəyə çıxmağa peşman etdi.
XXX Yay Olimpiya Oyunları, London-2012
Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında 204 ölkədən 10 957 idmançı iştirak edirdi. 16 gün ərzində keçirilən möhtəşəm idman tərdbirində 26 idman növündə 302 dəst medal oynanılıb. Bu ölkələrdən 54-ü çempionluq zirvəsinə yüksəlib. Medalçı ölkələr siyahısında 1-ci yeri ABŞ, 2-ci yeri Çin, 3-cü yeri isə Böyük Britaniya tutub.
Azərbaycan Olimpiya yığması 2 qızıl, 2 gümüş və 6 bürünc medalla ümumi hesabda 30-cu pillədə qərarlaşıb.
London-2012 Olimpiadasında sərbəst güləş üzrə yığmamız 6 çəki dərəcəsində Olimpiya medalları uğrunda yarışırdı. Sərbəst güləş yarışlarında ölkəmizi Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Maqemadov (120 kq) qoruyurdular.
Güləşçilərimizdən Toğrul Əsgərov və Şərif Şərifov Olimpiya çempionu adına layiq görüldülər. Xetaq Qazyumov isə olimpiadanın bürünc mükafatını qazandı. Beləliklə, sərbəst güləş üzrə Azərbaycan komandası London Olimpiadasını 2 qızıl və 1 bürünc medalla başa vurdu. Sevindirici haldır ki, sərbəst güləş üzrə Azərbaycan yığması dünyanın aparıcı ölkələrini qabaqlayaraq ABŞ-la birgə 1-ci yeri tutdu. London-2012 Olimpiadasının qızıl medalını 20 yaşı tamam olmamış alan Toğrul Əsgərov həm də ən gənc çempion kimi Olimpiya tarixinə düşdü.
Yunan-Roma güləşi üzrə yarışlarda yığmamızın 2 üzvü Rövşən Bayramov (55 kq) ikinci, Emin əhmədov (74 kq) üçüncü yeri tutdular. Bununla komandamız London-2012-də yunan-Roma güləşi üzrə yarışlarda 5-ci pillədə qərarlaşdı.
Qadın güləşi üzrə yarışlarda Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (55 kq) bürünc medala sahib çıxdı. Bununla da ölkəmiz qadın güləşi yarışlarında 3-cü oldu. Ümumilikdə, olimpiadanın güləş proqramında 18 dəst medal uğrunda 13 atletimiz yarışdı. Güləşçilərimiz ümumitlikdə 2 qızıl, 2 gümüş və 3 bürünc medalla mükafat qazanan 29 ölkə arasında 4-cü oldular. Beləliklə, Azərbaycan Olimpiya yığması ümumilikdə, London-2012-də 10 medal (2 qızıl, 2 gümüş və 6 bürünc) qazanaraq yarışları medalçılar siyahısında 30-cu pillədə başa vurdular.
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən 2016 yay Olimpiya oyunlarında təmsil edən Azərbaycan güləşçiləri
Bayramov Rövşən Cənnət oğlu. Yunan Roma güləşi, 55 kq. 7 may 1987-ci ildə Bakıda anadan olmuşdur. Olimpiya oyunlarında iki qat gümüş (2008 Pekin, 2012 London), dünya çempionatında gümüş (2006 Quançjou), bürünc (2009 Herninq), qızıl (2011 İstanbul), gümüş (2015 Las-Veqas), Avropa Çempionatında bürünc (2006 Moskva), iki qat qızıl (2007 Sofiya, 2008 Tampere),
Çunayev Rəsul Abakar oğlu. Yunan-Roma güləşi, 75 kq. 7 yanvar 1991-ci ildə Azərbaycanın Balakən şəhərində anadan olmuşdur. Dünya Çempionatında bürünc (2014 Daşkənd), qızıl (2015 Las-Veqas), Avropa Çempionatında gümüş (2014 Vantaa), qızıl (2015 Bakı), Avropa Oyunlarında qızıl (2015 Bakı) medal qazanmışdır.
Elvin Mürsəliyev. Yunan-Roma güləşi, 74 kq. 17 avqust 1988-ci ildə Bakıda anadan olub. Avropa çempionatında gümüş (2010 Bakı), bürünc (2014 Vantaa), Avropa Oyunlarında qızıl (2015 Bakı) medal qazanmışdır.
Saman Təhmasibi. Yunan-Roma güləşi, 85 kq. 26.iyul 1985-ci ildə anadan olmuşdur. Asiya çempionu, dünya çempionatının ikiqat gümüş və ikiqat bürünc mükafatçısı. Rio-2016-ya vəsiqəni ABŞ-ın Las-Veqas şəhərində keçirilən dünya çempionatında əldə edib.
Sabah Şəriəti. 1 yanvar 1989-cu ildə anadan olmuşdur. Fars əsilli. Avropa Oyunlarında gümüş (2015 Bakı), Avropa Çempionatında gümüş (2015 Bakı) medal qazanmışdır.
Mircəlal Həsənzadə. Sərbəst güləş, 57 kq. 18 iyul 1994-cü ildə anadan olub. Avropa çempionu (U-23). Yeniyetmə və gənclər arasında Avropa birinciliyinin gümüş, gənclər arasında Avropa birinciliyinin bürünc mükafatçısı. Gənclər arasında AGF Kubokunun gümüş mükafatçısı. Rio-2016-ya vəsiqəni Monqolustanın paytaxtı Ulan-Bator şəhərində keçirilən I Dünya Təsnifat Turnirində qazanıb.
Əsgərov Toğrul Şəhriyar oğlu. Sərbəst güləş, 17 sentyabr 1992-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olub. Olimpiya Oyunlarında qızıl (2012 London), dünya çempionatında gümüş (2010, Moskva), Avropa Oyunlarında qızıl (2015 Bakı), Avropa çempionatında iki qat qızıl (2012 Belqrad, 2015 Bakı ) medal qazanmışdır.
Həsənov Cəbrayıl İlham oğlu. Sərbəst güləş, 66 kq. 24.fevral 1990-cı ildə Astara rayonun Sparabağ kəndində anadan olub. Avropa çempionatında gümüş (2009, Litva, Vilnüs), Avropa çempionatında 2010, 2011-ci illərdə qızıl (Bakı-Azər, Dortmund-Ger. 66 kq.), 2010-cu ildə dünya cempionatında üçüncü yer, 2014,2015 ci illərdə Avropa çempionatında gümüş (Vantaa-Finlandiya, Riqa-Lat.) medal qazammışdır.
Məhəmmədhacı Xatiyev. Sərbəst güləş, 86 kq. U-23 Avropa çempionatında gümüş (2015, Polşanın Valbrzix, 19-23 yaş arasında) medal qazanıb. ABŞ-ın Las Veqas şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında lisenziya qazanmışdır.
Qazyumov Xetaq Ruslanoviç. Sərbəst güləş, 96 kq. 1983-ci il aprel ayının 24-də Şimali Osetiyanın Alagir şəhərində anadan olmuşdur. Olimpiya Oyunları nda iki qat bürünc (2008 Pekin, 2012 London), Avropa Oyunlarında qızıl (2015, Bakı), dünya çempionatında qızıl (2010 Moskva), üç qat gümüş (2009 Herninq, 2013 Budapeşt, 2014 Daşkənd ), bürünc (2015 Las Veqas), Avropa çempionatındanda üç qat qızıl (2009 Vilnüs, 2010 Bakı, 2011 Dortmund), gümüş (2014 Vantaa) medal qazanmışdır. ABŞ-ın Las Veqas şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında (bürünc medal) lisenziya qazanmışdır.
Camaləddin Məhəmmdov. Sərbəst güləş, 120 kq. Dünya çempionatında gümüş (2009), Avropa çempionatında qızıl (2009), dünya çempionatında bürünc (2011), Avropa çempionatında bürünc (2011), birinci Avropa Oyunlarında qızıl (2015, Bakı, 125 kq)
Stadnik Mariya Vasili qızı. Güləş (Sərbəst) 48 kq. 3 iyun 1988-ci ildə Ukraynanın Lvov şəhərində anadan olmuşdur. Yay Olimpiya Oyunlarında bürünc (2008 Pekin), gümüş (2012 London), dünya çempionatında qızıl (2009 Herninq), iki qat gümüş (2011 İstanbul, 2015 Las-Veqas ), bürünc (2014 Daşkənd), Avropa Oyunlarında qızıl (2015 Bakı), Avropa Çempionatında yeddi qat qızıl (2006 Moskva, 2008 Tampere, 2009 Vilnüs, 2011 Dortmund, 2014 Vantaa, 2015 Bakı, 2016 Riqa ) medal qazanmışdır.
Doroqan Anjela. Güləş (Sərbəst), 55 kq. 2 noyabr 1989-cu ildə Moldovanın paytaxtı Kişinyov şəhərində anadan olmuşdur. Avropa Oyunlarında qızıl (2015 Bakı), Avropa Çempionatında qızıl (2015 Bakı) medal qazanmışdır.
Ratkeviç Yuliya Nikolay qızı. Güləş (Sərbəst), 55 kq. 16 iyul 1985-ci ildə Belorusiya SSR-nın Minsk şəhərində anadan olmuşdur. Olimpiya Oyunlarında bürünc (2012 London), dünya çempionatında qızıl (2009 Herninq), iki qat gümüş (2010 Moskva, 2014 Daşkənd), iki qat bürünc (2013 Budapeşt, 2015 Las-Veqas ),
Avropa Çempionatında bürünc (2005 Varna), qızıl (2011 Dortmund) medal qazanmışdır.