Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən dünya çempionatından sonra Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Dünya çempionatının yekununa əsasən müəyyənləşən siyahını cüdoçularımız üçün uğurlu hesab etmək olar.
Rio-de-Janeyroda təşkil olunan dünya çempionatında ölkəmizə qızıl medal qazandıran Elxan Məmmədov (100 kq) öz çəki dərəcəsində liderliyi ələ keçirib. Adını Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazdıran 31 yaşlı cüdoçumuzun aktivində 2376 xal var. O, bu göstərici ilə ikinci yerdə qərarlaşan və Henk Qrolu (Hollandiya) 446 xalla qabaqlayır. Elxan Məmmədovla yanaşı, dünya çempionatının digər mükafatçısı Orxan Səfərov (60 kq) da mövqeyini bir qədər yaxşılaşdıraraq 22-ci pilləyə yüksəlib.
Digər cüdoçularımıza gəlincə, İlqar Müşkiyev (60 kq) 2, Nicat Şıxəlizadə (66 kq) 4, Tural Səfquliyev (81 kq) 1, Şahin Qəhrəmanov (90 kq) 3 və Kifayət Qasımova (57 kq) 8 pillə irəliləyiblər. Onlar müvafiq olaraq, 13-cü, 7-ci, 26-cı, 7-ci və 16-cı yerlərə yüksəliblər. 100 kq çəki dərəcəsində yarışan digər cüdoçumuz Elmar Qasımov isə mövqeyini qoruyaraq, 7-ci pillədə qalıb.
Cüdoçularımızdan ən çox geriləyən isə Ramilə Yusubova (63 kq) olub. Son vaxtlar yarışlara qatılmayan təmsilçimiz 14 rəqibini özündən irəli buraxaraq, 55-ci pilləyə enib. Pekin-2008 Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədlinin (81 kq) də mövqeyində geriləmə olub. Olimpiya çempionumuz bu dəfə 6 pillə geriləyərək, 48-ci yerdə qərarlaşıb. Digər cüdoçularımızdan Rüstəm Orucov (73 kq) 2 pillə geriləyərək 12-ci, Tərlan Kərimov (66 kq) 34-cü olub.
Məlumat üçün qeyd edək ki, bu idman növündə Olimpiya oyunlarına lisenziya məhz reytinq cədvəlinə əsasən verilir.