“Çempionumuz” sosial idman layihəsi çərçivəsində yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu, birinci Avropa Oyunlarının qalibi, Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Rəsul Çunayev Bakıdakı 86 nömrəli tam orta məktəbdə yeniyetmə və gənclərlə görüşüb. Görüş ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Əvvəlcə layihənin məqsəd və vəzifələri haqqında iştirakçılara ətraflı məlumat verilib.
Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri Pənah İmanov Azərbaycanda idmanın inkişafı və kütləviliyinin artırılmasına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, gənclərin idmana marağının artırılması onlarda vətənpərvərlik hissinin formalaşmasında və zərərli vərdişlərdən uzaq olmalarında mühüm rol oynayır. Bu baxımdan ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançılarla bu cür görüşlərin keçirilməsi yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və idmana marağının artmasında mühüm əhəmiyyət kəsb edir.
Xətai rayonundakı 86 nömrəli tam orta məktəbin direktoru Cavid Əliyev çıxışında bu orta təhsil müəssisəsinin istedadlı idmançıları haqqında qonaqlara məlumat verib.
Rəsul Çunayev görüş iştirakçılarına idman karyerası, qazandığı uğurlardan danışıb, yeniyetmə və gənclərin suallarını cavablandırıb.
Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev rayonun istedadlı gəncləri və idmançıları haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.
Sonda xatirə şəkilləri çəkdirilib.
Layihə Gənclər və İdman, Təhsil nazirliklərinin və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.