Məktəbli şahmatçıların respublika çempionatına yekun vurulub

Məktəbli şahmatçıların respublika çempionatına yekun vurulub

Avqustun 27-dən sentyabrın 5-dək Quba rayon uşaq-gənclər şahmat məktəbində məktəblilər arasında şahmat üzrə respublika çempionatı keçirilib.
6 yaş qrupu üzrə keçirilən yarışda ümumilikdə respublikamızın şəhər və rayonlarından 47 komanda tərkibində 268 məktəbli iştitak edib.

9 turdan ibarət turnirdə 6 yaşlı zəka sahiblərinin qrupunda Əli Zülfüqarov (Bakı) və Lalə Budaqova (Gəncə) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 8 yaşınadək şahmatçıların yarışında Aydın Süleymanlı (Bakı) və Pikəxanım Behbudova (Quba) turnirin qalibi adını qazanıblar.
10 yaşınadək şahmatçılar arasında isə Məhəmməd Muradlı və Gövhər Beydullayeva (hər ikisi Bakı) birinci yerə layiq görülüblər.
12 yaşlı zəka sahibləri arasında Andrey Mustafin və Nigar Mustafazadə (hər ikisi Bakı), 14 yaşınadək şahmatçıların qrupunda isə Niyazi Nağdıyev (Bakı) və Türkan Abdullayeva (Gəncə) bütün rəqiblərini qabaqlayıblar.
16 yaşınadək qrup üzrə keçirilən yarışlarda Elxan Bayramov və Aytən Əmrayeva (hər ikisi Bakı) birinci yeri tutublar.
Əsasnaməyə uyğun olaraq, I yeri tutanlar məktəblilər arasında dünya çempionatına, II yerin sahibləri isə Avropa çempionatına vəsiqə qazanıblar.
Qaliblər "Təhsil” Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplomları, Quba Rayon Təhsil Şöbəsinin kubok və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.