Yeni reytinq cədvəli açıqlanıb

Yeni reytinq cədvəli açıqlanıb

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Siyahı milli komandamızın aparıcı üzvləri üçün heç də uğurlu alınmayıb. Peter Zayzenbaherin başçılıq etdiyi komandanın yalnız bir üzvü mövqeyini yaxşılaşdırıb. Son vaxtlar yarışlarda iştirak etməyən Ramilə Yusubova (63 kq) reytinq cədvəlində 1 pillə irəliləyib. O, rəqibləri gerilədiyi üçün 55-ci yeri 54-cü yerə dəyişib.
Təmsilçilərimizdən Nicat Şıxəlizadə (66 kq) 3, Elnur Məmmədli (81 kq) 2, İlqar Müşkiyevlə (60 kq) Tərlan Kərimov (66 kq) hərəyə 1 pillə geriləyərək, müvafiq olaraq, 10-cu, 50-ci, 14-cü və 34-cü yerləri tuturlar.
Dünya çempionumuz Elxan Məmmədov 100 kq çəki dərəcəsində liderliyini qoruyub. Digər cüdoçular Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elmar Qasımov (100 kq) və Kifayət Qasımovanın (57 kq) da mövqelərində dəyişiklik olmayıb. Cüdoçularımız, müvafiq olaraq, 22-ci, 12-ci, 26-cı, 7-ci (hər ikisi) və 16-cı yerləri tuturlar.
Məlumat üçün qeyd edək ki, bu idman növündə Olimpiya oyunlarına lisenziya reytinq cədvəlinə əsasən verilir.