Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatasının başlamasına iki gün qalıb. Artıq iştirakçı ölkələrdən Türkiyə komandası bu gün Bakıya gəlib.
Qonaqlar Heydər Əliyev adına beynəlxalq hava limanında böyük coşqu ilə qarşılanıb.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının nümayəndələri Türkiyə komandasını salamlayıb və onlara yarış haqqında məlumat verib.
Sonra könüllülərdən ibarət qrup idmançılara xüsusi hədiyyələr təqdim edib.
Qeyd edək ki, Türkiyə “Prezident kuboku”nda 12 idmançı ilə mübarizə aparacaq. Yarışlar iki gün davam edəcək.
Reqata mayın 6-da Suqovuşanda start götürəcək. İlk gündə kayak və kanoe üzrə qaliblər müəyyənləşəcək. Mayın 7-si isə idmançılar Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman mərkəzində akademik avarçəkmə üzrə mübarizə aparacaqlar. “Prezident kuboku”na ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.