Cüdoçularımızdan növbəti möhtəşəm qələbə

Cüdoçularımızdan növbəti möhtəşəm qələbə


Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatına yekun vurulub. 43 ölkədən 416 cüdoçunun mübarizə apardığı yarışda komandamız 13 cüdoçu ilə təmsil olunub.
Yığma komandamız 5 (2 qızıl və 3 bürünc) medal qazanaraq 43 ölkə arasında üçüncü yeri tutub.
Çəkisi 55 kiloqramadək olan idmançıların yarışında mübarizə aparan Mehman Sadıxov ilk görüşdə ispaniyalı Migel Riopedredən üstün olub. Sonra Rusiya idmançısı Vitali Kurmaşevə qalib gələn cüdoçumuz yarımfinalda fransalı Vinsent Mankvest ilə üz-üzə gəlib. Lakin idmançımız həlledici mərhələyə vəsiqə qazana bilməyib. Fransalı idmançıya məğlub olan Mehman Sadıxov bürünc medal uğrunda yarışa çıxıb. Həlledici mürhələdə İsveçrədən olan Matye Qroeli üstələyən cüdoçumuz bürünc medala layiq görülüb.
Bu çəki dərəcəsində yarışan digər idmançımız Davud Məmmədov isə əvvəlcə türkiyəli Yavuz Besselə qalib gəlib. Növbəti görüşdə Rusiya idmançısı Pavel Poltorakı üstələyən Davud Məmmədov sonra rumıniyalı Aleks Ferariunu məğlub edərək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə Macarıstan idmançısı Akos Bart üzərində qələbə qazanan idmançımız həlledici mərhələdə fransalı Vunsent Mankvest ilə qarşılaşıb. Bu görüşdə də rəqibini məğlub edən təmsilçimiz Avropa birinciliyinin qızıl medalını qazanıb.

Çəkisi 60 kiloqramadək olan cüdoçuların mübarizəsində tatamiyə çıxan Oruc Vəlizadə Rusiya idmançısı Səxavət Hacıyevi, sonra isə çexiyalı David Xozakı məğlub edib. Növbəti görüşdə o, Polşa təmsilçisi Patrik Vavriçeki geridə qoyaraq yarımfinala çıxıb. Bu mərhələdə türkiyəli Əhməd Kabaya uduzan cüdoçumuz bürünc medal uğrunda mübarizədə Luxumi Çxvimianiyə qalib gələrək üçüncü yeri tutub.
Eyni çəkidə yarışan Rəşad Rufullayev isə ilk görüşdə britaniyalı Samuel Halldan üstün olub. Təmsilçimiz növbəti görüşdə Portuqaliya idmançısı Eduardo Silvanı, sonra isə gürcüstanlı Luxumi Çxvimianini məğlub edib. Yarımfinalda italiyalı Fabio Basileydən güclü olan Rəşad finalda Türkiyə idmançısı Əhməd Kabanı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
66 kq çəkidə mübarizə aparan Cəlil Cəlilov yarışa litvalı Kestutis Vitkauskas üzərində qələbə ilə başlasa da, bu uğurunu növbəti mərhələdə davam etdirə bilməyib. Serbiyalı İlye Siqanoviçə məğlub olan idmançımız turniri medalsız başa vurub. Qızların mübarizəsində isə Elvira Butdayeva (44 kq) və Aişə Qurbanlı (48 kq) rusiyalı rəqiblərinə məğlub olaraq mükaatçılar sırasına düşə bilməyiblər.
Yarışların ikinci günündə daha bir cüdoçumuz medal qazanıb.
-81 kq çəkidə mübarizə aparan Məmmədəli Mehdiyev komandamızın aktivinə növbəti bürünc medalı yazdırıb. O, İtaliya, İsveçrə, Almaniya, Bolqarıstan, həlledici mübarizədə isə Böyük Britaniya təmsilçisindən üstün olub.
Millimizin bu möhtəşəm qələbələri və komanda hesabında ilk pillədə qərarlaşması ölkə idmanının uğurlarından xəbər verir. Xatırladaq ki, gənclərdən ibarət milli yığma komandamızın Avropa çempionatlarında analoji qələbələri 1999-cu ildə İtaliyada (3 qızıl və 1 gümüş medal) və ikinci dəfə 10 il sonra 2009-cu ildə Ermənistanda olmuşdu (1 qızıl, 1 gümüş və 3 bürünc medal). Cüdoçularımızın Rio-de-Janeyro şəhərində təşkil olunan böyüklər arasında cüdo üzrə dünya çempionatından sonra Avropa birinciliyində yüksək nailiyyət qazanması cüdo idman növünə göstərilən qayğının və cüdoçularımızın hazırlıq səviyyəsinin daha da təkmilləşdirilməsinin bariz nümunəsidir.