18 ölkədən 224 şahmatçı çempionluq uğrunda yarışır

18 ölkədən 224 şahmatçı çempionluq uğrunda yarışır

Sentyabrın 19-da Novxanıda "Baku Open-2013” beynəlxalq şahmat festivalı start götürüb.
Tədbirin açılışında iştirak edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov turnirin əhəmiyyətindən bəhs edib. Ölkəmizdə idmanın inkişafını ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlayan İsmayıl müəllim respublikanın bölgələrində 40-dan artıq Olimpiya İdman kompleksi, 68 şahmat məktəbi, gənclər evlərinin fəaliyyət göstərdiyini bildirib. O, "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” ölkəmizdə bu qədim idman növünün kütləviliyinin təmin olunması, şahmat müəssisələri şəbəkəsinin getdikcə genişləndirilməsi və onların maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın şahmat ölkəsi kimi nüfuzunun artmasını qeyd edib.
"Baku Open-2013” festivalı A (güclülər) və B (əmsalı 2250-dən aşağı olan şahmatçılar) turnirlərindən ibarətdir. Turnirdə Azərbaycan ilə yanaşı, 18 ölkədən 224 şahmatçı (33 beynəlxalq dərəcəli qrossmeyster, 28 beynəlxalq dərəcəli usta və 9 FİDE ustası) qalib adı uğrunda mübarizə aparır.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnirin ümumi mükafat fondu 50 min ABŞ dolları təşkil edir.