Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa birinciliyi başa çatıb. Qitənin 43 ölkəsindən 416 cüdoçunun (250 oğlan və 166 qız) qatıldığı yarışda Azərbaycan komandası 13 idmançı (10 oğlan, 3 qız) ilə təmsil olunub ki, onlardan 8-i (7 oğlan, 1 qız) "Neftçi” İSM-in yetirmələridir. Mərkəzin idmançısı Davud Məmmədov (55kq ) ardıcıl olaraq türkiyəli Yavuz Besseli, Rusiya idmançısı Pavel Poltorakı və rumıniyalı Aleks Ferariunu məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə Macarıstan təmsilçisi Akos Bart üzərində qələbə qazanan cüdoçumuz finala vəsiqəyə sahib çıxıb. Həlledici mərhələdə fransalı rəqibi Vunsent Mankvestlə qarşılaşan Davud Məmmədov bu görüşdən də qalib ayrılıb və Avropa çempionu tituluna sahib olub. Digər idmançımız Rəşad Rufullayev (60 kq) də yüksək idman ustalığı və qələbə əzmkarlığı nümayiş etdirərək eyni uğuru təkrarlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu yolda o, britaniyalı Samuel Hallı, portuqaliyalı Eduardo Silvanı, Gürcüstan idmançısı Luxumi Çxvmianini, italiyalı Fabio Basileyi, finalda isə Türkiyə cüdoçusu Əhməd Kabanı məğlubiyyətə uğradıb. Bundan əlavə, daha 2 idmançımız medalçılar sırasında yer almağa müvəffəq olub. Oruc Vəlizadə (60kq) və Məmmədəli Mehdiyev (81 kq) Avropa çempionatının bürünc medallarına layiq görülüblər.
Beləliklə, mərkəzin cüdoçularının və məşqçilərinin birgə səyləri nəticəsində ümumilikdə 2 qızıl və 3 bürünc medal əldə olunub. Azərbaycan millisi Avropa birinciliyinin ümumkomanda hesabında Gürcüstan və Rusiyadan sonra 3-cü, təkcə oğlanların hesabında isə Gürcüstan yığmasından sonra 2-ci yeri tutub.
Qeyd edək ki, gənclərdən ibarət Azərbaycan milli cüdo yığmasına tanınmış və titullu cüdoçusu Mehman Əzizov rəhbərlik edib. O, "Neftçi” İSM-in yetirməsi və məşqçi-müəllimidir.