Rusiyalı futbolçu Ukrayna ilə müharibəyə qarşı çıxıb

Rusiyalı futbolçu Ukrayna ilə müharibəyə qarşı çıxıb

İspaniyanın "Espanyol" klubunda çıxış edən Rusiya millisinin sabiq üzvü Nadejda Karpova ölkəsində Ukrayna ilə müharibəyə qarşı çıxan ilk futbolçu olub..

"Olimpnews" xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə BBC-yə müsahibəsində bildirib.

Baş verənlərə səssiz qala bilməyəcəyini söyləyən Karpova Ukrayna ilə müharibəni "insanlıq çatışmazlığı" kimi qiymətləndirib: "Bu müharibə bizdən hər şeyi aldı, gələcəyimizi oğurladı. İspaniyada yox, Rusiyada olsaydım, nə edəcəyimi bilmirəm. Amma İspaniyadayamsa, danışmaq üçün daha böyük məsuliyyətim var. Rusiya təbliğatı bizə inandırmağa çalışır ki, xüsusi xalqıq və bütün dünya bizə, bizim xüsusi missiyamıza qarşıdır. Hansı xüsusi missiyadan söhbət gedə bilər? Mən rusiyalıları xüsusi hesab etmirəm".

Karpova rus olduğu üçün utanmadığını söyləyib: "Çünki Rusiya təkcə hökumətdən ibarət deyil. Bu hökumət demək olar ki, müqavimətlə üzləşmədi. İnsanların çoxu sadəcə, ədalətsizliyə göz yumdular və hesab etdilər ki, bütün baş verənlərin onlara dəxli yoxdur. Müharibəyə haqq qazandıran insanlar təbliğatın girovudurlar. Mən onlara acıyıram. Onları girovluqdan azad etmək üçün hər şeyi etməliyik. İstərdim ki, daha çox rusiyalı, o cümlədən rusiyalı idmançılar danışsınlar, müharibə əleyhinə çıxan insanlar da bilsin ki, onlar azlıq təşkil etmirlər. Susqunluq dövrü bitməlidir. Rusiya hökuməti nə vaxtsa, gedəcək, çünki onların hamısı qocadır. Bu baş verdiyi vaxt biz hələ də sağ olacağıq. Ona görə də hər şeyi ölçüb-biçməyə hazır olmalıyıq. Ümidvaram ki, bu, tezliklə baş verəcək".

Qeyd edək ki, Nadejda Karpova Rusiya yığmasında 24 oyuna çıxıb və 9 qol vurub. UEFA Rusiya millisini Ukrayna ilə müharibə ilə əlaqədar 6 - 31 iyulda İngiltərədə keçiriləcək dünya çempionatından kənarlaşdırıb.