Davud Kərimi: “Bundan gözəl mənzərə ola bilməz"

Davud Kərimi: “Bundan gözəl mənzərə ola bilməz"

“Bundan gözəl mənzərə ola bilməz. Təəssüratlarım çox xoşdur”.

"Olimpnews"un məlumatına görə, bunu Slovakiyanın Koşitse şəhərindəki Avropa çempionatında qızıl medal qazanmış minifutbol üzrə Azərbaycan millisinin qapıçısı Davud Kərimi Heydər Əliyev Beynəlxalq aeroportunda jurnalistlərin suallarını cavablandırarkən deyib.

Təcrübəli qolkiper coşqu ilə qarşılanmaya görə sevincli olduğunu söyləyib: “Azərbaycan xalqının duaları sayəsində çempion olduq. İnsanlar hava limanına gələrək bizi qarşılayır, bundan gözəl an ola bilməz”.

Kərimi finalda qalib gəldikləri Rumıniyaya qrupda 0:2 hesabı ilə məğlub olmalarının səbəbini də açıqlayıb: “Həmin vaxt ilk matçımıza çıxırdıq, hələ o ab-havanı tam yaxalamamışdıq. Meydança da bir az çətinlik yaratdı. Qrupdan çıxdıqdan sonra məlum oldu ki, rumıniyalılarla bir də finalda qarşılaşa bilərik. Baş məşqçimiz Elşad Quliyev stadionda bütün oyunları izləyirdi, həmçinin biz də oteldə baxır, təhlil edirdik. Bu təhlillərin nəticəsində finalda Rumıniyaya qalib gəldik”.

Qeyd edək ki, mini futbol üzrə Azərbaycanın millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının qalibi olub. Davud Kərimi isə turnirin ən yaxşı qapıçısı seçilib.