Həndbol üzrə növbəti Avropa çempionatlarından biri Azərbaycanda təşkil oluna bilər.
Bu barədə "OlimpNews"a Azərbaycan Həndbol Federasiyasının (AHF) 1-ci vitse-prezidenti Orxan Abbasov məlumat verib.
Onun sözlərinə görə, bu məsələ AHF-in prezidenti Saleh Məmmədovla Avropa Həndbol Federasiyasının (EHF) prezidenti Mişel Vidererin Avstriyanın Vyana şəhərindəki görüşünün əsas mövzularından biri olub: "Görüşlərin nəticəsi olaraq qərara alındı ki, növbəti illərdə gənclərdən ibarət komandaların Avropa çempionatında iştirakı və turnirin ölkəmizdə təşkili məsələlərinin müzakirəsi davam etdirilsin. Ümid edirəm ki, bu müzakirələrin səmərəli nəticəsi kimi, yaxın gələcəkdə ölkəmiz həndbol üzrə mötəbər yarışlara da ev sahibliyi edəcək".
Abbasov görüşdə Azərbaycanda həndbolun, o cümlədən, uşaq həndbolunun inkişaf istiqamətləri, qarşılıqlı əməkdaşlıq, gənc hakimlərin yetişdirilməsi, məşqçilərin beynəlxalq seminarlarda iştirakı, EHF-də fəaliyyət göstərən komissiyalarda təmsilçilik və s. məsələlər barədə də fikir mübadiləsinin aparıldığını vurğulayıb: "Azərbaycanda həndbolun tarixi, əldə olunmuş nəticələr, klubların beynəlxalq yarışlarda iştirakı və mövcud vəziyyət haqqında videoçarx da iştirakçıların diqqətinə çatdırıldı. Gənc hakimlərin seminarlarda iştirakı məsələləri EHF-nin hakimlər üzrə rəsmisi Corc Bebestos, avrokuboklarda iştirak isə qurumun klublar üzrə rəsmisi İnes Rayn ilə geniş müzakirə olundu. EHF rəsmisi Biata Kozlovski ilə məşqçilərin lisenziya alması və seminarlarda iştirakı haqqında söhbətlər də aparıldı".