Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə, Gənclər və İdman Nazirliyi (AGİN) dənizdə (açıq suda) üzmə yarışı keçirəcək.
AGİN-dən "OlimpNews"a verilən məlumata görə, nazirliyin yeni layihəsi olan “Xəzər dalğası” kütləvi yarışı iyunun 26-da Pirallahı qəsəbəsi, Nərəkənd parkında peşəkarlar və həvəskarlar arasında, 5 yaş qrupunda (10-17, 18-29, 30-39, 40-49 və +50 yaş) təşkil ediləcək.
Yarış zamanı müxtəlif su idman növləri üzrə nümunəvi çıxışlar sərgilənəcək.
Üzməyi bacaran hər kəs yarışda iştirak edə bilər. Bunun üçün qeydiyyatdan keçmək və 25 manat iştirak haqqı ödəmək tələb olunur. Həmçinin xeyriyyə məqsədi daşıyan yarışdan əldə edilən vəsait “Kür” Olimpiya Tədris-İdman Mərkəzində şəhid övladları üçün üzgüçülük və avarçəkmə idman növləri üzrə yay düşərgəsinin təşkilinə sərf ediləcək.
Qeyd edək ki, açıq suda üzgüçülük yarışları açıq su hövzələrində (çaylar, göllər, dənizlər və okeanlar) müxtəlif məsafələrə təşkil olunur.