Avstriyanın paytaxtı Vyanada Avropa Cüdo Birliyinin (EJU) növbədənkənar konqresi keçirilib.
"OIlimpNews" xəbər verir ki, 51 üzv ölkənin 49-nun iştirak etdiyi tədbirə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və baş katib Rəşad Rəsullu qatılıblar.
Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizerin də iştirak etdiyi Konqresdə EJU-nun prezidenti və İdarə Heyətinə seçkilər baş tutub. Səsvermə nəticəsində Macarıstan təmsilçisi Laslo Tot təşkilatın yeni prezidenti seçilib. 62 yaşlı funksioner 24 ildən çoxdur ki, Macarıstan Cüdo Assosiasiyasına rəhbərlik edir və 7-ci dan dərəcəsinə malikdir.
Üzvlərin səsverməsi nəticəsində həmçinin, Avstriya təmsilçisi Martin Poyger təşkilatın baş katibi və Malta təmsilçisi Envik Qalea isə qurumun xəzinədarı vəzifələrinə seçiliblər.
Azərbaycan Cüdo Federasiyası Laslo Tot başda olmaqla, EJU-nun bütün yeni rəhbərliyini təbrik edib, onlara Avropa cüdosunun inkişafı istiqamətində görəcəkləri işlərdə uğurlar arzulayıb.