Millinin baş məşqçisi: "Azərbaycanda serbiyalı mütəxəssislərə qiymət verilir"

Millinin baş məşqçisi: "Azərbaycanda serbiyalı mütəxəssislərə qiymət verilir"

"Burada serbiyalı mütəxəssislərə qiymət verilir".

"Olimpnews"un məlumatına görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Miloş Velebit "sportklub.rs" saytına müsahibəsində deyib.

Serbiyalı mütəxəssis bildirib ki, birlikdə çalışdığı insanlar və yaradılan şərait bütün xoş sözlərə layiqdir: "Çünki əvvəldən razılaşdırdığımız bütün şərtlərə əməl olunur. Bakıdan 30 kilometr aralıda bazamız var. Ondan otel kimi istifadə edirik. U-21 yığmasının baş məşqçisi isə həmyerlim Milan Obradoviçdir. Dörd ildir ki, buradayıq, bu da statusumuzdan xəbər verir".

Azərbaycan futbolundakı çatışmalıqlara da toxunan 42 yaşlı baş məşqçi əsas problemin gənc oyunçuların keyfiyyəti və kəmiyyəti ilə bağlı olduğunu söyləyib: "Gənc futbolçu bazası azdır. Ona görə daha çox mübarizə aparmalı olursan. Məsələn, Serbiyada 17-19 yaş arası 12 000 qeydiyyatdan keçmiş oyunçu olduğu halda, Azərbaycanda bu say cəmi 250-dir. Burada səhv etmək şansınız çox azdır. Oyunçuların seçilməsində və idarə olunmasında çox diqqətli olmaq lazımdır. Çünki istedad üzə çıxarsa, onu əldən verməmək üçün hər şeyi etməlisən".

Velebitin sözlərinə görə, hazırda bütün diqqəti U-19 yığması ilə Avropa çempionatının seçmə mərhələsində növbəti mərhələyə vəsiqə qazanmaqdır: "Əsas fikrim burada olsa da, aşağı yaş qrupları üzrə bütün yığmaların çıxışını izləyirəm. Nəzarətimdə 26 məşqçi var. Sentyabrın sonunda seçmə mərhələ oyunlarımız var. Türkiyə, Bolqarıstan və Lüksemburqla bir qrupdayıq. Bizi elit-raunda aparacaq nəticəyə hazırlaşırıq ki, burada da məqsəd birinci yeri tutan iki komanda arasında olmaqdır".

O, qrupdakı rəqibləri tanıdığını vurğulayıb: "Bolqarıstan və Türkiyə haqqında bir az məlumatım var. Ən az isə Lüksemburqu tanıyıram. Maraqlıdır ki, hər üç komanda bu yaxınlarda başa çatan Avropa çempionatında iştirak edib ki, bu da onların keyfiyyətindən xəbər verir".

Azərbaycandakı həyat tərzindən də söz açan Velebit Bakını böyük perspektivləri olan şəhər adlandırıb: "Son on ildə anormal şəkildə inkişaf etmiş çox maraqlı şəhərdir. Burada sosial həyat həsəd aparacaq səviyyədədir".