“Dünya çempionatında iştirak etmək hər zaman xoşdur”.
"Olimpnews"un məlumatına görə, bunu veteran şahmatçılar arasında Azərbaycan çempionu, tanınmış məşqçi Fikrət Sideifzadə noyabrda İtaliyada Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkil edəcəyi dünya çempionatına hazırlıqları barədə danışarkən deyib.
F.Sideifzadə Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətinə açıqlamasında yarışla bağlı təəssüratlarını bildirib: “Əvvəllər veteranların yarışına qatılmamışam. İlk dəfə iştirak etməyə qərar verdim. Uzun illərdən sonra yenidən şahmat oynamaq o qədər asan deyil. Bu illər ərzində məşqçiliklə məşğul olmuşam. Ona görə çempionatda ciddi çətinliklə üzləşmədim. Hərçənd, kifayət qədər çətin partiyalar oldu. Lütfiyar Rüstəmov, Asəf Abdullayev çox yaxşı mübarizə nümayiş etdirdi. Yeganə xanım iştirakçımız Elmira Əliyeva dördüncü yeri tutmaqla yaxşı formada olduğunu göstərdi".
AŞF qalib şahmatçını və qadınlar arasında ən yaxşı nəticənin sahibini dünya çempionatına göndərəcək. Veteran şahmatçı dünya çempionatında çox maraqlı və gərgin mübarizə gözlədiyini söyləyib: "Böyük fasilədən sonra yenidən qələbə uğrunda yarışmalıyıq. Dünya çempionatında iştirak hər zaman xoşdur. Düşünürəm ki, bir qədər hazırlaşmağım yaxşı olardı. Dünya çempionatı barədə proqnoz vermək düzgün olmaz”.
Qeyd edək ki, beynəlxalq usta və SSSR-i idman ustası olan Fikrət Sideifzadə, sovet dönəmində altı dəfə Azərbaycan çempionu olub. 1992-ci ildən məşqçilik fəailiyyətinə başlayan F.Sideifzadə Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə "Əməkdar məşqçi" və "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adlarına layiq görülüb.