Ənənəvi yarışda yeni çempion

Ənənəvi yarışda yeni çempion

Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş "Baku Open-2013” beynəlxalq şahmat festivalı başa çatıb.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən festivalın "A” və "B” qruplarında ölkəmizlə yanaşı, 18 ölkədən 224 şahmatçı iştirak edib. Yarışda 33-cü beynəlxalq qrossmeyster, 28 beynəlxalq usta və 9 FİDE ustası mübarizə aparıb.
Çempionatın "A” (güclülər) turnirində rusiyalı şahmatçı Pavel Smirnov 7 xal toplayaraq turnirin qalibi olub. Analoji yarışın keçən ilki qalibi Belarus təmsilçisi Sergey Jiqalko bu dəfə 6,5 xalla ikinci yeri tutub. Eyni xala malik Rusiya şahmatçısı Aleksey Dreyev üçüncü yerlə kifayətlənib. Qadınların mübarizəsində isə ən yaxşı nəticəni həmyerlimiz Nərmin Kazımova və İran şahmatçısı Atousa Pourkaşiyan göstəriblər -4,5 xal.
Yarışın "B” qrupunda Fariz Əhmədov və Elxan Bayramov səkkiz xal toplayıb müvafiq olaraq birinci və ikinci yerləri bölüşüblər. Əlavə göstəricilərə görə Fariz Əhmədov ilk pillədə qərarlaşıb.
Məlumat üçün qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnirin ümumi mükafat fondu 50 min ABŞ dolları olub.