11-ci Dünya Oyunlarının açılış mərasimi keçirilib

11-ci Dünya Oyunlarının açılış mərasimi keçirilib

ABŞ-ın Birmingem şəhərində 11-ci Dünya Oyunlarının təntənəli açılış mərasimi keçirilib. 36 idman növü üzrə multi-idman oyunlarında iştirak edən 103 ölkənin nümayəndələri “Protective Stadium” arenasında rəsmi paradla stadiona daxil olublar. Azərbaycanı açılış mərasimində karate üzrə milli komandanın üzvləri və federasiya rəsmiləri təmsil ediblər. Komandaların paradında Azərbaycan bayrağını Tokio Olimpiadasının gümüş mükafatçısı, dəfələrlə Dünya və Avropa çempionu İrina Zaretskaya aparıb.

Sonra Beynəlxalq Dünya Oyunları Assosiasiyasının (IWGA), ABŞ və Beynəlxalq Olimpiya komitələrinin (BOK) bayrağı arenaya gətirilib. Rəsmi çıxışlarda Alabama ştatının Birmingem şəhərinin meri Randall Voodfin və IWGA-nın prezidenti Xose Perurena yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Müxtəlif növlər üzrə tanınmış idmançı, məşqçi, hakim və federasiya rəsmisi Dünya Oyunlarında mübarizədə fair-play qaydaları və idman prinsiplərinə sadiq qalacaqlarına and içiblər.

ABŞ-ın aparıcı ağır sənaye şəhərlərindən olan Birmingemin tarixi və inkişafını əks etdirən kütləvi bədii kompozisiya və rəqslər, ölkənin, eləcə də Alabama ştatının tanınmış müğənni və qruplarının ifası idman camiəsi və tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Təntənəli açılış mərasimi səmada BOK-un və Dünya Oyunlarının loqotipləri, həmçinin bu multi-idman yarışında bir sıra növlərin qrafik təsviri əks olunan xüsusi effektlərin nümayişi və atəşfəşanlıqla başa çatıb.