Premyer Liqada yeni sponsor

Premyer Liqada yeni sponsor

Azərbaycanın qanuni lotereya və idman mərc operatoru “Azərlotereya” ASC-nin “Misli” brendi futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023-cü il mövsümünün baş sponsoru olub. Əldə olunan razılaşmaya görə, Azərbaycan Premyer Liqası “Misli Premyer Liqası” adı ilə fəaliyyət göstərəcək.

“Misli” brendi hər zaman idmanın inkişafına diqqət və qayğı göstərərək bu istiqamətdə həyata keçirilən layihələrin icrasında uğurla təmsil olunur. Azərbaycan Premyer Liqasına sponsorluqda əsas məqsəd ölkə futbolunun inkişafı yönündə dövlətin prioritet siyasətinə dəstək göstərmək, futbolun kütləviliyinin təmin edilməsi yolunda kompleks tədbirlərin görülməsi işinə xidmət etməklə yanaşı, bir çox sahələrdə mövcud uğurlu nəticələrin idmanın bu növündə də əldə edilməsinə nail olmaqdır.

Qeyd edək ki, 10 komandanın iştirakı ilə avqustun 5-də start götürəcək çempionat 2023-cü il mayın 28-də başa çatacaq.