Konya-2021: Bu gün təmsilçilərimiz 10 idman növündə mübarizə aparacaq

Konya-2021: Bu gün təmsilçilərimiz 10 idman növündə mübarizə aparacaq

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir. Bu gün Azərbaycan təmsilçiləri 10 idman növündə güclərini sınayacaqlar. Atletika yarışlarında Əlhəm Nağıyev mübarizəyə başlayacaq. Təmsilçimiz 200 metr məsafəyə qaçış yarışlarında çıxış edəcək. Taekvondo yarışlarında isə Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), Cavad Ağayev (68 kq) dayanq üzərinə çıxacaqlar.
Kişi həndbolçulardan ibarət Azərbaycan millisi qrup mərhələsi çərçivəsində Türkiyə seçməsi ilə üz-üzə gələcək.
Qadın voleybolçulardan ibarət millimiz isə B qrupunun oyunları çərçivəsində Əfqanıstan milli ilə qarşılaşacaq. 
Stolüstü tennis üzrə millimiz komanda yarışlarında Uqanda və Türkiyə yığmaları ilə üz-üzə gələcək.
Paraüzgüçülük yarışlarında isə Könül Süleymanova 50 metr məsafayə arxası üstə üzgüçülükdə çıxış edəcək.
Stend atıcılığının trap növündə ölkəmizi Ramil Rüstəmzadə, Əli Hüseynli, Tamerlan Məmmədov, Aydan Camalova, Alina Rəfixanova, Aydan Babayeva təmsil edəcəklər.
Bu gün Konya-2021 çərvivəsində keçirilən güləş yarışlarına da start veriləcək. İlk olaraq xalça üzərinə yığmamızın üzvlərindən Mariya Stadnik (50 kq), Alyona Kolesnik (59 kq), Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Abubəkr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) çıxacaqlar.
İdman gimnastlarımız Nikita Simonov, Mənsum Səfərov və İvan Tixonov bu gün ilk proqramlarını təqdim edəcəklər.
Para-kamandan oxatma yarışlarında isə Cahan Musayev, Əli Nəbiyev, Şahin Cabbarov, Vüsal Kazımov və Azadə Abdullayeva güclərini sınayacaqlar.
Azərbaycan 1 qızıl, 1 gümüş və 1 bürünc medalla hazırda ölkələrin sıralamasında doqquzuncudur. Qızıl medalı komandamıza atletika üzrə millimizin üzvü Anna Skidan çəkicatma yarışlarında qazandırıb. Bu qalibiyyətlə o, İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub. Atletimiz Aleksis Kopello üçtəkanla tullanma yarışlarında ikinci pillədə qərarlaşıb. Taekvondoçumuz Qaşım Maqamedov (58 kq) isə bürünc medal qazanıb.