“Real” Super Kubokunun qalibi oldu

“Real” Super Kubokunun qalibi oldu

Avqustun 11-də Finlandiyanın paytaxtı Helsinkidə futbol üzrə UEFA Super Kuboku uğrunda oyun keçirilib. Helsinki Olimpiya Stadionunda oynanılan matçda İspaniyanın “Real Madrid” və Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları qarşılaşıblar.

FIFA hakimi ingiltərəli Maykl Oliverin idarə etdiyi görüşün birinci hissəsində hesab açılıb. Matçın 37-ci dəqiqəsində braziliyalı müdafiəçi Kazemironun cinah ötürməsindən sonra David Alaba hesabı açıb. İlk hissə “Real Madrid” komandasının 1:0 hesabı ilə üstünlüyü ilə yekunlaşıb.

Oyunun ikinci hissəsinin 65-ci dəqiqəsində Vinisius Juniorun ötürməsini Kərim Benzema qola çevirərək hesab arasında fərqi ikiyə çatdırıb.

Beləliklə, Avropanın iki ən nüfuzlu klub turnirinin çempionlarının üz-üzə gəldiyi görüşdə Karlo Ançelottinin yetirmələri 2:0 hesablı qələbə qazanaraq Super Kubokun qalibi olublar.

Avropa futbol qurumu qarşılaşmada ilk dəfə “Yarı Avtomatlaşdırılmış Ofsayd Texnologiyası”nı tətbiq edib.