Qazaxıstanın paytaxtı Alma-atı şəhərində keçirilən Qran-prinin yekununa əsasən açıqlanan siyahını milli komandamızın üzvləri üçün heç də uğurlu hesab etmək olmaz.
Belə ki, Peter Zayzenbaherin rəhbərlik etdiyi komanda həmin yarışa qatılmadığı üçün yeni reytinq cədvəlində irəliləyən idmançımız olmayıb. Əvəzində, isə 3 idmançımız geriləyib.
Son vaxtlar turnirlərə qatılmayan Pekin-2008 Yay olimpiya Oyunlarının qalibi Elnur Məmmədli (81 kq) 2 pillə geriləyərək, 51-ci yerdə qərarlaşıb. Digər idmançılarımız Tərlan Kərimov (66 kq) və İlqar Müşkiyev (60 kq) də geriləyənlər siyahısındadırlar. Cüdoçularımız müvafiq olaraq 37-ci və 15-ci yerləri tuturlar.
Dünya çempionumuz Elxan Məmmədov (100 kq) həmkarlarından fərqli olaraq əvvəlki kimi liderliyini qoruyub saxlayır. Millimizin heyətində yer alan digər idmançılar Orxan Səfərov (60 kq) 22-ci, Nicat Şıxəlizadə (66 kq) 10-cu, Rüstəm Orucov (73 kq) 12-ci, Tural Səfquliyev (81 kq) 26-cı, Şahin Qəhrəmanov (90 kq) 7-ci, Elmar Qasımov (100 kq) 7-ci, Kifayət Qasımova (57 kq) 16-cı və Ramilə Yusubova (63 kq) 54-cü yerləri bölüşürlər.
Məlumat üçün qeyd edək ki, bu idman növündə Olimpiya oyunlarına lisenziya reytinq cədvəlinə əsasən verilir.