V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib - FOTO

V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib - FOTO

Bu gün Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib. Bakı vaxtı ilə saat 21:00-da start götürən mərasim Konyadakı 15 İyul Stadionunda təşkil olunub. 
Tədbirdə Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu və İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) prezidenti Abdülaziz bin Türki el Faysal el-Suud iştirak ediblər.
Əvvəlcə Konyanın tarixi, mədəniyyəti və turizm potensialından bəhs edən videoçarx nümayiş olunub.
Sonra Türkiyənin Dövlət bayrağı qaldırılıb və İstiqlal Marşı səsləndirilib.
Oyunlarda iştirak edən 54 ölkənin bayrağı səhnəyə gətirilib. Bağlanış mərasimində Azərbaycan nümayəndə heyətinin bayraqdarı İslam Həmrəyliyi Oyunlarının üçqat mükafatçısı, basketbol 3x3 milli komandasının üzvü Zaur Paşayev olub. Daha sonra yarışların iştirakçıları, o cümlədən Azərbaycan idmançıları stadiona daxil olaraq paradda iştirak ediblər.
V İslam Həmrəyliyi Oyunlarına dair videoçarx nümayiş etdirildikdən sonra könüllülərə təşəkkür ifadə olunub.
Çıxış edən Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu V İslam Həmrəyliyi Oyunlarını gözəl bir gecə ilə bitirdiklərini deyib: "Oyular bundan sonra da böyük həyəcan və coşqu ilə keçiriləcək. Bu yarış ölkələr arasında qardaşlığın möhkəmlənməsinə təkan verəcək. Bu Oyunlarda heç kəs məğlub deyil, qazanan qardaşlıq, birlik və bərabərlik oldu".
İdmançıların Konyadan yeni dostluq və xatirələrlə ayrılacağını diqqətə çatdıran nazir bildirib ki, Oyunlar zamanı dövlət rəsmilərinin Konyada keçirdiyi görüşlərin ölkələr arasında əlaqələrin daha da inkişafına yeni imkanlar açacaq. Konya 2022-ci ilin ən böyük idman yarışına yüksək səviyyədə ev sahibliyi etdi.
V İslam Həmrəyliyi Oyunlarının gözəl xatirələrlə bitdiyini vurğulayan ISSF-in prezidenti Abdülaziz bin Türki el Faysal el-Suud isə deyib: "Bu yarışlarda idmançılar unudulmaz anlar yaşadılar. Yüksək qonaqpərvərliyə görə konyalılara minnətdarlığımı bildirirəm. İslamiadada 54 ölkədən 4 mindən artıq atlet birincilik uğrunda mübarizə apardı. Hamımız maraqlı və ədalətli yarışlara şahidlik etdik".
Özündə sevgi, dostluq və bərabərliyi birləşdirən V İslam Həmrəyliyi Oyunlarına Konyanın böyük coşqu və uğurla ev sahibliyi etdiyini bildirən ISSF-in prezidenti Türkiyənin İslamiada tarixində yeni səhifə açdığını söyləyib, yarışın yüksək səviyyədə təşkilinə görə Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını ifadə edib.
Möhtəşəm atəşfəşanlığın müşayiəti ilə ISSF-in bayrağı endirilib.
Bağlanış mərasiminə Türkiyənin məşhur müğənnisi Kubatın ifasında konsert proqramı ilə yekun vurulub.
Qeyd edək ki, Azərbaycanı İslamiadada 281 idmançı təmsil edib. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınayıblar.
Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurub. Medallardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürüncdür.
V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Avqustun 9-18-də keçirilən V İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparıb.

 

V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib - FOTO V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib - FOTO V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib - FOTO V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib - FOTO V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib - FOTO V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib - FOTO