Münhendə Azərbaycanın Triatlon Federasiyasının nümayəndəsinin də iştirak etdiyi Avropa Triatlon Birliyinin (European Triathlon Union, ETU) illik konfransı keçirilib. Konfransda Avropa Triatlon Birliyinin ötən illik fəaliyyəti və yaxın 12 ay ərzində fəaliyyət planı müzakirə edilib.
2023-cü ildə nəzərdə tutulmuş fəaliyyətlərdən biri də Avropa Triatlon Düşərgəsinin (European Triathlon Camp) keçirilməsidir. Azərbaycan Triatlon Federasiyası bu mötəbər idman tədbirinin Azərbaycanda keçirilməsi üçün ETU təşkilatına rəsmi müraciət etmək niyyətindədir. Düşərgə üçün ölkənin seçilməsi müsabiqə yolu ilə təkliflər paketinin təhlili əsasında müəyyən edilir.
Tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı şanslara gəlincə, Azərbaycanın müxtəlif formatlı idman tədbirlərinin, o cümlədən Bakı-2015 Avropa Oyunlarının təşkilində böyük təcrübəsi nəzərə alınaraq düşərgə ilə bağlı müsbət qərar verilə bilər. Bu tip tədbirlərin tələblərinə Azərbaycan tam olaraq cavab verir. Ölkədə orta dağlıq ərazidə məşq üçün infrastruktur və bir neçə yerdə açıq su hövzəsi vardır. Azərbaycanın coğrafiyası və əlverişli iqlimi müxtəlif idman növləri, o cümlədən triatlon üzrə düşərgələrin təşkili üzrə tələblərə tam cavab verir.
Federasiyada bu tədbir çərçivəsində Azərbaycan atletlərinin və digər Avropa ölkələrindən olan idmançıların iştirakı ilə birgə yarışın keçirilməsi də istisna deyil.