Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov “Konya-2021” V İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş kamandan oxatma idman növü üzrə millimizin üzvləri ilə görüşüb.
Görüşdə Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva, milli komandanın baş məşqçisi İlqar Abbasov və komandanın üzvləri iştirak ediblər.
İ.Rəhimov Oyunların komanda üçün uğurlu olduğunu bildirib və yarışda yüksək nailiyyətlər qazanmış idmançıları təbrik edib. Növbəti Paralimpiya Oyunlarına cəmi 2 il vaxt qaldığını vurğulayan komitə prezidenti bildirib ki, məqsəd qarşıdan gələn yarışlara səmərəli hazırlaşaraq orada da parlaq qələbələr əldə edib kamandan oxatma komandasının Yay Paralimpiya Oyunlarında iştirakını təmin etməkdir.
Komandanın baş məşqçisi İlqar Abbasov Oyunların gərgin mübarizə şəraitində keçdiyini, buna baxmayaraq idmançıların əzmkar mübarizə apardıqlarını qeyd edib.
İ.Abbasov idmançıların qarşıdan gələn yarışlarda da yüksək nəticələr əldə edəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, kamandan oxatma üzrə milli komandamızın üzvləri “Konya-2021” V İslam Həmrəyliyi Oyunlarında 2 bürünc medal əldə ediblər.