Olimpiya Oyunları yalnız idman deyil, həmçinin mədəniyyət, bəzi hallarda isə siyasi hadisəsidir. Belə ki, müxtəlif zamanlarda Oyunların gedişatından müəyyən ölkələr arasında olan münasibət açıq şəkildə bəlli olurdu. Amma bunlara baxmayaraq, Olimpiya Oyunları bütün zamanların ən baxımlı idman hadisəsi olmağa davam edir. Məhz buna görə də, Oyunların tarixində kifayət qədər maraqlı və qeyri-adi hadisələr baş verib. Hər zaman Olimpiya Oyunlarının tarixi barəsində maraqlı yazılarla oxucuların görüşünə gələn "Olimpiya dünyası” qəzeti bu sayında da oxucularına həmin hadisələrdən bir neçəsini təqdim edəcək.
Qadınların
ilk addımı
Yəqin ki, bir çoxlarınız qadınlara ilk dəfə 1900-cü ildə Olimpiya Oyunlarında iştirak hüququ verildiyini bilmir.
Xanımlara bu hüququn verilməsinə baxmayaraq, zərif cinsin nümayəndələri yalnız beş idman növündə çıxış edə bilərdilər. Bunlar tennis, kroket, atçılıq, qolf və yelkənli idman növləri idi. Həmin il oyunlarda iştirak edən 997 idmançı arasında yalnız 22 qadın atlet yer almışdı. Lakin zamanla Olimpiya Oyunlarında mübarizə aparan qadınların sayı artdı. Belə ki, 1928-ci ildə qadınlar ümumi atletlərin sayının 10 faizini təşkil edirdisə, 1960-ci ildə bu, 20 faizə yüksəlmişdi. Bununla belə, yalnız 1990-cı ildə BOK-un İcraiyyə Komitəsinin tərkibinə qadın nümayəndə daxil oldu. 1991-ci ildə isə BOK tarixi qərar qəbul edərək Olimpiya Oyunlarının tərkibinə daxil olan bütün idman növləri üzrə qadınların da mübarizə aparacağını elan etdi. 2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya Oyunlarında zərif cinsin nümayəndələri ümumi idmançıların sayının 40 faizini təşkil edirdi. Qəribədir ki, artıq müasir dövrdə yaşadığımıza baxmayaraq, bəzi ölkələrdə Olimpiya Oyunlarında iştirak etmək istəyən qadınlar bu günə qədər maneələrlə üzləşirlər.
Olimpiya Oyunlarından ilk yayım
1936-cı ildə Almaniyanın paytaxtı Berlində keçirilən Olimpiya Oyunları tarixdə ilk dəfə olaraq canlı yayımla nümayiş olunmuşdu. Maraqlıdır ki, azarkeşlərin Oyunları rahat izləməsi üçün Berlində 25 məkan nəzərdə tutulmuşdu. 1960-cı ildə keçirilən Oyunlar isə Avropa və ABŞ-da yayımlanırdı. Yarışlar bitdikdən sonra hər axşam oyunların lent yazısı Nyu-Yorka göndərilir, daha sonra isə CBS kanalında nümayiş olunurdu. Bununla da, Olimpiya Oyunlarının televiziyada yayımlanması Oyunları köklü şəkildə dəyişdi. Belə ki, artıq bu yalnız idman yarışı deyil, həmçinin çox bahalı bir şouya çevrildi. Bununla da Oyunların açılış və bağlanış mərasimi yarışlar qədər izləyicilər tərəfindən maraqla qarşılanır, həyəcanla gözlənilirdi. Yığma komandaların geyimlərini isə məşhur marka və geyim istehsalçıları dizaynerlər hazırlayır.
Paralimpiya hərəkatının yaranması
1948-ci il iyulun 29-u Londonda təşkil olunan Olimpiya Oyunlarının açılışı ilə yanaşı, Paralimpiya hərəkatının da başlanğıcı oldu. Belə ki, Oyunların açılış mərasimi zamanı neyrocərrah Lüdviq Qutman Britaniya hakimiyyətinin xahişi ilə ikinci dünya müharibəsi veteranları üçün Stok Mendevil xəstəxanasının həyətində yarış təşkil etmişdi. Həmin yarışdan sonra Stok Mendevil yarışları ənənə halına çevrilərək hər il keçirilməyə başlandı. 1952-ci ildə isə mübarizəyə Hollandiyadan olan hərbçilərin qoşulması ilə yarış beynəlxalq xarakter aldı.
Düz səkkiz il sonra, 1960-cı ildə Stok Mandevil oyunları Olimpiya Oyunlarının keçirildiyi Roma şəhərində təşkil olundu. Yarışların adı isə İlk Paralimpiya Oyunları adlandırıldı.
Müasir dövrümüzdə isə Paralimpiya Oyunları Olimpiada ilə demək olar ki, eyni səviyyədə yer alıb. Belə ki, Oyunlar Olimpiada ilə nəinki eyni ildə, hətta eyni meydançalarda keçirilir.
Qaradərili atletin dünya rekordu
Tarixdə ilk dəfə qaradərili atletin qızıl medal qazanması 1908-ci ildə baş verib. Con Teylor adlı atlet komanda tərkibində qarışıq estafet yarışlarında rəqiblərindən daha güclü olaraq, qələbəni əldən verməyib. Lakin 1936-cı ildə Olimpiya Oyunlarında dörd qızıl medal qazanan və uzunluğa tullanma üzrə dünya rekordunu müəyyənləşdirən Cessi Oens tarixdə daha məşhurdur.
Qeyd edək ki, həmin il nasist Almaniyasında keçirilən oyunlar zamanı C.Oens alman atlet ilə mübarizədə qalib gəlmişdi. Sonralar idmançı olanları belə şərh etmişdi: "Qələbədən sonra vətənimə qayıdanda mənim hələ də avtobusun ön hissəsinə getməyə ixtiyarım yox idi. Mən istədiyim yerdə yaşaya bilmirdim. Maraqlıdır ki, məni nə Adolf Hitlerin əlini sıxmağa, nə də ki, prezidentin əlini sıxmaq üçün Ağ evə dəvət etmədilər.
Etirazın cəzası
Olimpiya Oyunları siyasətdən uzaq bir tədbir kimi görünsə də, bəzən siyasi çağırışdan yan keçmək olmur. Belə ki, 1968-ci ildə Mexikoda keçirilən Olimpiadada 200 metr məsafədə qaçış üzrə dünya rekorduna imza atan Tommi Smitt və Con Karlos etiraz aksiyası ilə tarixə düşdülər. Maraqlıdır ki, idmançılar mükafatlandırma mərasiminə Olimpiya layihəsinin insan haqlarını qoruyan nişanəsi ilə qatıldılar. Fəxri kürsüyə yüksələrkən isə onlar idman ayaqqabılarını çıxararaq, qara corabla qalxdılar. Bu addımla atletlər, bütün dünyaya Afrika ölkələrinin nə dərəcədə kasıb olduğuna diqqət çəkmək istədilər. Qalib ölkənin himni səslənən zaman isə qara əlcəkdə olan Tommi və Con yumruqlarını havaya qaldıraraq, öz etirazlarını ABŞ-da mövcud olan irqçiliyə qarşı bildirdilər.
Təbii ki, Beynəlxalq Olimpiya Komitəsi Tommi və Conun bu addımını qınayaraq, onların bu hərəkətini "Olimpiya ruhunun əsas prinsiplərinin qəsdən və kobud şəkildə pozulması” kimi adlandırdı. Hətta media tərəfindən də qınaq obyektinə çevrilən atletlər nəticədə komandadan qovuldular. Qəribədir ki, ölkəsi üçün belə bir addımı göz önünə alan T.Smit və C.Karlos öz ölkələrində də ciddi tənqidlə üzləşdilər. Lakin bütün qadağalara və tənqidlərə baxmayaraq, Olimpiya Oyunlarında etiraz aksiyaları başqa atletlər tərəfindən davam edirdi. Belə ki, 400 metr məsafədə qaçış üzrə qaliblərin mükafatlandırma mərasiminə atletlər qara baş geyimində qatıldılar. 4x100 m estafetində qalib gələn qadın idmançılar isə öz qələbələrini Karlos və Smitə həsr etdilər.
Maraqlıdır ki, T.Smit və C.Karlosun bu hərəkəti yalnız 80-ci illərdə bəraət qazandı. 2005-ci ildə isə Tommi Smit və Con Karlosun təhsil aldığı Kaloforniyanın San-Xose şəhərindəki universitetdə yumruqları havaya qalxan heykəlləri ucaldıldı.
"Qanlı” Olimpiya Oyunları
Olimpiya Oyunlarının ən qanlı hadisəsi 1972-ci ildə Münhendə keçirilən Oyunlar zamanı baş verdi. Belə ki, sentyabrın 5-də səkkiz fələstinli terrorçu Olimpiya kəndinə daxil olaraq, İsrail milli komandasının iki üzvünü qətlə yetirib, doqquz idmançını isə girov götürdülər. Təəssüf ki, girovları xilas etmə əməliyyatı uğursuz oldu və nəticədə bütün girovlar həlak oldu. Bundan əlavə əməliyyat zamanı beş terrorçu və bir polis əməkdaşı dünyasını dəyişdi. Dəhşətli hadisədən təsirlənən Beynəlxalq Olimpiya Komitəsi Oyunları dayandırmaq qərarına gəldi. Amma bu qərar çox çəkmədi. Belə ki, BOK terrora etiraz əlaməti olaraq 34 saat sonra Olimpiya Oyunlarının davam etməsi üçün qərar qəbul etdi.
Əzm və dözümlülük nümunəsi
Olimpiya Oyunlarında yalnız səs-küylü siyasi hadisələrlə yanaşı, idmançıların da maraqlı hekayələri tarixə düşüb. Düzdür, bu hadisələr oyunların gedişatını dəyişməsə də insanın özünə və həyata fərqli yanaşmasına kömək edir. 1992-ci ildə Olimpiya Oyunlarının qorxulu və milyonlarla insana öz gücünə inanmaq ümidini verən hadisə baş verdi. Belə ki, həmin ildə Barselonada keçirilən 400 metr məsafəyə qaçış üzrə yarışda iştirak edən britaniyalı atlet Derek Redmondun qələbə qazanması üçün bütün şansları var idi.
Lakin yarımfinal mübarizəsində baş verənlər idmançıya qızıl medaldan daha çoxunu - milyonlarla insanın sevgisini və rəğbətini qazandırdı. Yarımfinalda atlet bir anda ayağını tutaraq, dayandı. Həkimlər dərhal onun yanına gətsələr də, atlet özünü ələ alıb, ayağa qalxdı və qaçmağa davam etdi. Nə dərəcədə ağrı çəkdiyi Derekin üz ifadəsindən məlum idi. Amma o, yalnız finiş haqda düşünərək, bir an belə dayanmırdı. Böyük əzm nümyiş etdirən atleti azarkeşlər ayaq üstə alqışladılar. Oğlunun vəziyyətinin yaxşı olmadığını görən ata, kömək üçün onun yanına gəldi. Atasının məsləhətinə əhəmiyyət verməyən idmançı onunla bərabər finişə doğru irəlilədi. Əslində, atletin necə çətinliklə hər addım atması və məğlub olmasına kədərləndiyi aydın şəkildə video yazılardan da görünürdü. Bütün bu çətinliklərə baxmayaraq, idmançı uğur qazanmağa nail ola bilmir. Atlet Barselonada keçirilən Oyunlardan iki il sonra 11 əməliyyat keçirərək idman karyerasını başa vurur.
Şimali və Cənubi Koreya bir bayraq altında
Antik dövrdən Olimpiya Oyunlarının əsas şüarlarında biri yarışların ölkələr arasında sülhü bərqərar etmək ideyasıdır. 2000-ci ildə Sidneydə təşkil olunan olimpiadanın açılış mərasimində bu şüarı Şimali və Cənubi Koreya həyata keçirdi. Belə ki, ölkələrin nümayəndə heyətləri paraddan Koreya yarımadası əks olunan bir bayraq altında keçdi. Bayrağı Cənubi Koreyadan olan basketbolçu Yunq Sun Çun və cüdo üzrə Şimali Koreya millisinin üzvü Pak Con Çoy daşıdı. Bundan əlavə, ölkələrin idmançıları Afina-2004 və Turin-2006-da təşkil olunan Olimpiya Oyunlarındakı paraddan da bərabər keçdilər. Lakin 2008-ci ildə Cənubi və Şimali Koreya yenidən ayrılmaq qərarına gəldi.
Qaçqınlar yığması Olimpiya Oyunlarında
Qaçqınların yığması ilk dəfə 2016-cı ildə Olimpiya Oyunlarında iştirak edib. Bununla təşkilatçılar dünyanın diqqətini miqrasiya böhranına cəlb etmək qərarına gəldilər. Yığma komandada əslən Suriyadan, Cənubi Sudandan, Efiopiyadan və Konqo Demokratik Respublikasından olan altı kişi və dörd qadın idmançı yer aldı. Mərasimin açılışında onlar ağ bayraq altında çıxış edərək, Braziliya millisindən əvvəl keçdilər. Qeyd edək ki, BOK idmançılara Oyunlardan sonra da dəstək olacağını bildirmişdi. "Bu, bütün qaçqınlar üçün ümid oldu və dünyaya böhranın əhəmiyyətini göstərdi. Həmçinin bu addım bütün dünya ictimaiyyətinə qaçqınların da bizim kimi insan olduqları və cəmiyyətə fayda verdiklərinin işarəsi idi”,- deyə BOK prezidenti Tomas Bax bəyan etmişdi.
Türkay Niftəliyeva