Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı ilə görüşüb. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşə gələn Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Konya-2021 İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının fəal iştirakına görə təşəkkürünü bildirib. Konya-2021 İslam Həmrəyliyi Oyunlarında qazandığınız uğur qardaş ölkə olaraq bizi sevindirir”, - deyən səfir Azərbaycan idmançılarının peşəkarlığını yüksək qiymətləndirdiyini vurğulayıb. İslam Həmrəyliyi Oyunlarında izlədiyi yarışlardan danışan Cahid Bağçı Azərbaycanda gimnastika və kikboksinq üzrə istedadlı idmançıların yetişdiyini qeyd edib: “Uşaqlıqda güləşlə məşğul olurdum, ona görə də güləşə xüsusi marağım var. Konyada Türkiyə ilə Azərbaycan güləşçiləri qarşılaşanda kimin qalib gəlməsindən asılı olmayaraq nəticəyə sevinirdik, bir-birimizi təbrik edirdik”. Səfir onu da əlavə edib ki, Türkiyə komandalarını Azərbaycanda təlim-məşq toplantılarına göndərməkdə maraqlıdır: “Azərbaycan təlim-məşq toplantıları üçün ideal yerdir, həm bütün idman növləri üzrə infrastruktur yüksək səviyyədədir, həm də iqlimi çox gözəldir”.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Türkiyənin təşkil etdiyi Konya-2021 İslam Həmrəyliyi Oyunlarından sonra İslam Həmrəyliyi Hərəkatının yeni bir mərhələyə keçdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, İslam Həmrəyliyi Hərəkatı yalnız İslam ölkələri arasında yox, həm də beynəlxalq arenada təsdiqini tapdı: “Konyada Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu ilə İslam Həmrəyliyi Oyunlarının təşkil olunması haqqında fikir mübadiləsi apardıq. Biz belə tədbirin təşkilatçılığının çətinliklərini bilirik, çünki özümüz təşkil etmişik. Düşünürəm ki, Türkiyə bu məsuliyyətli işin öhdəsindən gəldi”.
Çingiz Hüseynzadə Türkiyə Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlığı da xatırladıb. O bildirib ki, 30 il ərzində Milli Olimpiya Komitələri arasındakı əməkdaşlıq artıq dostluq səviyyəsinə keçib. O, növbəti İslam Həmrəyliyi Oyunlarına hansı ölkənin ev sahibliyi edəcəyi haqqında hələ danışıqlar aparıldığını və yekun qərarın verilmədiyini də qeyd edib. Görüşdə idman sahəsində əməkdaşlığın perspektivləri də müzakirə olunub.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb