“Avqust ayı fəaliyyət baxımından xeyli əlamətdar, bir o qədər də uğurlu oldu. Olimpiya və qeyri-olimpiya idman növlərində 120-dən çox medal qazanıldı. Şübhəsiz, bu medalların böyük əksəriyyəti – 99-u V İslam Həmrəyliyi Oyunlarında əldə edildi. Türkiyənin Konya şəhərində ev sahibi, qardaş ölkədən sonra ən böyük nümayəndə heyəti ilə təmsil olunmaq qürurverici məqam idi. İyirmi dörd idman növündən 22-də təmsil olunan ölkəmizin 56 dövlət arasında ilk beşliyə düşərək, 4-cü olması böyük nailiyyətdir”.
Bunu gənclər və idman naziri Fərid Qayıbov son bir aydakı nailiyyətlər barədə qeydində yazıb.
Nazir bu uğurların dövlət başçımızın diqqəti sayəsində mümkün olduğunu bildirib: “İdmançılarımıza dəstəyini əsirgəməyən Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Konyaya gəldikləri gün Atletlər kəndində idmançılarla görüşləri və Oyunların açılış mərasimində iştirakları, eləcə də böyük bayrağımız dalğalanarkən 42 minlik stadionla birlikdə ayaqüstə alqışları komandamızın sonrakı uğurları üçün də əla motivasiya oldu.
Fərid Qayıbov Prezident İlham Əliyevin idmançılarla görüşünün xüsusilə əlamətdar hadisə olduğunu qeyd edib: “Vətənə qayıtdıqdan dərhal sonra Prezident İlham Əliyevin idmançılarla görüşü də xüsusilə əlamətdar oldu. Prezident və Birinci vitse-prezidentin görüşə məhz komandamızın idman geyimində gəlmələri və idmançılarımızın nəticələrinin yüksək qiymətləndirilməsi çox xoş oldu. Elə həmin gün də qalib idmançılarımızın mükafatlandırılması üçün dövlət başçımız Sərəncam imzaladı. Bütün bunlar idmançılarımız üçün böyük dəstək, əlavə stimuldur. Daim Azərbaycan idmançılarının yanında olduqları üçün Prezidentə və Birinci vitse-prezidentə minnətdarıq”.
Nazir idmançıların uğurlu çıxışlarında əməyi olan hər kəsə təşəkkürünü bildirib: “İdmançılarımızın uğurlu çıxışlarında əməyi olan hər kəsə - idman federasiyalarının rəhbərlərinə, məşqçilərə, nazirliyin əməkdaşlarına və digər idman mütəxəssislərinə təşəkkür edirəm.
Səfər çərçivəsində türkiyəli həmkarım Mehmet Kasapoğlu, Konya Texniki Universitetinin rektoru Babur Özçelik və digər şəxslərlə görüşlər zamanı idman uğurları, təcrübə mübadiləsi və gələcək əməkdaşlıq məsələlərini müzakirə etdim, yerli mediaya müsahibələr verdim”.
Fərid Qayıbov: “Ölkəmizin 56 dövlət arasında dördüncü olması böyük nailiyyətdir”