Son vaxtlar fəallığı ilə seçilən Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) növbəti tədbirini Neftçalada təşkil etdi. Yeniyetmə və gənclərin avarçəkmə üzrə inkişafını diqqətdə saxlayan, bu idman növünü gənclər üçün əlçatan edən federasiya rəhbərliyi bu məqsədlə müxtəlif tədbirlər həyata keçirir. Sentyabrın 9-da Neftçalada Axmaz göl su hövzəsində təşkil olunan avarçəkənlərin təlim-məşq toplanışı da, belə tədbirlərdən biri oldu. Təlim-məşq toplanışının təşkil olunmasında əsas məqsəd Neftçala və ətraf rayonlarda olan yeniyetmə və gənclərin bu idman növünə marağını artırmaq, idmançıların hazırlıq səviyyələrinin yüksəlməsinə nail olmaq, gələcəkdə bu regiondan peşəkar idmançılar formalaşdıraraq milli komandaya cəlb etməkdən ibarət idi.
Tədbirin rəsmi hissəsində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov və AKAF-ın baş katibi Fərhad Əliyev iştirak etdilər.
Əvvəlcə mərasimdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov iştirakçıları salamlayaraq ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışdı. "Neftçala üçün ənənəvi olan və uzun illər avarçəkmə idman növünün inkişaf etmədiyi Axmaz göl bundan sonra daimi inkişaf qədəmlərinə yol açacaq. Bu gün Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva gənclərə, idmana və idmançılara xüsusi qayğı ilə yanaşırlar. Hesab edirik ki, bu gün cənab Prezidentin tapşırığı ilə tikilməkdə olan Neftçala Olimpiya İdman Kompleksinin və müxtəlif federasiyalar tərəfindən tədbirlərin təşkil olunması Neftçala gənclərinin daha sağlam mühitdə yetişməsinə dəstək olacaq", - deyə Mirhəsən Seyidov qeyd etdi.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov öz çıxışında federasiyanın son vaxtlar gördüyü işləri təqdirəlayiq olduğunu bildirdi. "Bu gün avarçəkmədən danışırıqsa, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının gördüyü işləri də qeyd etmək lazımdır. Çünki işğaldan azad olunmuş ərazilərimizdə ilk beynəlxalq yarış məhz avarçəkmə üzrə olmuşdu. Bu artıq tarixi bir hadisədir. Bu gün Bakıda və bölgələrdə gənclərə bu idman növü ilə məşğul olmaq üçün şərait yaradılıb. Neftçalada da belə bir şəraitin yaradılması bizi çox sevindirir", - deyə Elnur Məmmədov bildirdi.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev isə Neftçalada Sovetlər dövründə həm yarışlar həm də təlim məşqlərin keçirildiyini və bu ənənəni gələcəkdə də davam etdiriləcəyini qeyd etdi. Federasiya rəsmisi bunun üçün gələcəkdə hər kəsi bu idman növü ilə məşğul olmağa çağırdı.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra avarçəkənlərin Axmaz göldə təlim-məşq toplanışına start verildi. Yüzlərlə Neftçala sakinin də izlədiyi təlim-məşq prosesi böyük maraqla qarşılandı. Məşq prosesində milli komandanın Bakıdan və Mingəçevirdən olan 100-ə yaxın idmançısı iştirak etdi. Məşqin ardınca neftçalalı yeniyetmə və gənclər avarçəkmə üçün nəzərdə tutulan təlim qayıqlarında avar çəkdilər.
Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prioritetlərindən biri ölkə ərazisində avarçəkmə idman növünün coğrafiyasını genişləndirməkdir. Onu da bildirək ki, AKAF yaxın gələcəkdə ölkə ərazisində avarçəkmə üçün əlverişli olan bir neçə su hövzəsində bu tipli tədbirlər keçirməyi planlaşdırır.
Azər Əlizadə