“Neftçalada əvvəllər həm yarışlar, həm də təlim-məşq toplanışları keçirilib. Biz istəyirik ki, Axmaz gölə bu ənənəni yenidən qaytaraq”.
Bu sözləri “Olimpiya dünyası” qəzetinə açıqlamasında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev deyib. O, Axmaz göldə kayak və kanoe üçün çox gözəl şəraitin olduğunu qeyd edib.
“Həm su, həm də məsafə baxımdan bu göl çox əlverişlidir. Gələcəkdə təlim-məşqləri burada keçirə bilərik. Bir neçə dəyişiklikdən sonra isə burada yarış da keçirmək mümkündür. Bildiyiniz kimi, bizim bazamız əsasən Mingəçevirdədir. Həmin şəhərdə gələcəkdə böyük tədbirlər və yarışlar keçirəcəyik. Belə əlavə məkanlar isə bizə daha çox təlim-məşq toplanışları, əlavə seksiyalar və bu zonalardan uşaqları cəlb etmək üçün lazımdır", - deyə F.Əliyev bildirdi.
Baş katib avarçəkmə idman növünün coğrafiyasının genişləndirilməsi üçün yeni su hövzələrinin araşdırıldığını, yaxın vaxtlarda Qubadlıda, Füzulidə və Daşkəsəndə yeni təlim-məşq bazalarının yaradılacağını da diqqətə çatdırdı: "Gələcəkdə Qubadlıda və Füzulidə yeni təlim-məşq bazalarının yaradılması planımızda var. Raftinq və slalom üzrə Həkəri çayının Qubadlıdan keçən ərazisində su hövzəsi bizim üçün uyğun sayılır. Füzulidə Köndələnçay ətrafında yerləşən Köndələn gölü də avarçəkmə üzrə baza yaratmaq, təlim-məşq və yarışlar keçirmək üçün uyğundur. Füzulidə əsasən kaya, kanoe və akademik avarçəkmə üzrə məşqlərin keçirilməsi planlaşdırılır. Qış aylarında həmin ərazilərə baxış olacaq. Bundan başqa Daşkəsəndə də göl var ki, həmin göldən də istifadə edərək gələcəkdə yarışlar və təlim-məşq toplanışları həyata keçirmək planlarımıza daxildir. Bunun üçün bir qədər vaxt lazımdır. Həmin gölün uzunluğu, dərinliyi peşəkarlar tərəfindən araşdırılır. Həmçinin Qəbələdə də su hövzəsinə baxış keçiririk. Təlim-məşqlər keçirilirsə deməli, həmin yerlər bizim üçün əlverişlidir".
Baş katib federasiyanın gələcək planları barədədə də danışdı. "Gələn il olimpiadaya hazırlıq ilidir. İdmançılarımız da çalışacaq ki, xallar toplasınlar və Paris-2024-ə lisenziya qazansınlar. Olimpiadaya lisenziya qazanmaq üçün əsasən, Ziya Məmmədzadə və Bəhman Nəsirini namizəd kimi görürük. Çalışacağıq ki. həmin idmançıların hazırlıq prosesi üçün şərait yaradaq. Bundan başqa bu il bir sıra yarışlar da təşkil etməyi planlaşdırırıq. Bu ilin oktyabr ayında "Mingəçevir reqatası-2022", gələn il isə Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Prezident kuboku" keçiriləcək", - deyə federasiyanın baş katibi qeyd etdi.
Federasiya rəsmisinin sözlərinə görə, hazırda tikilməkdə olan Neftçala Olimpiya Kompleksi istifadəyə verildikdən sonra orada avarçəkmə bölməsi də olacaq.
Azər Əlizadə