"Bu yaxınlarda Belçikada keçirilən Avropa çempionatından qayıtmışam. Yarış çox çətin keçdi. Çempionatda 9-cu yeri tutdum. Bu mənim ən yaxşı nailiyyətlərimdən biridir”.
Bu sözləri “Olimpiya dünyası” qəzetinə açıqlamasında avarçəkmə üzrə milli komandanın üzvü Ziya Məmmədov deyib.
Neftçalada keçirilən təlim-məşq toplanışında iştirak edən idmançı növbəti ildən böyüklər arasında mübarizə aparacağını bildirib:
“Bu il mənim 23 yaş kateqoriyasında sonuncu ilim idi. Gələn ildən böyüklər arasında yarışacağam. Ümid edirəm ki, böyüklər arasında yaxşı nəticə göstərəcəyəm. Çünki məşqlərin keyfiyyəti çox yaxşıdır. Düzdür, böyüklər arasında yarış çətin olacaq, amma inanıram ki, bu çətinliyin öhdəsindən gələcəyəm".
Gənc avarçəkən Neftçalada keçirilən təlim-məşq toplanışı barədə də fikirlərini bildirdi. "Axmaz göldə təşkil olunan təlim-məşq həm bizim hazırlığımız, həm də bu idman növünün inkişafı üçün çox mühümdür. Ümid edirik ki, bu cür toplanışlar Azərbaycanda avarçəkmənin inkişafına daha da təkan verəcək və avarçəkənlərin sayı artacaq. İstedadlı avarçəkənlərin sayı nə qədər çox olarsa, rəqabət də bir o qədər yüksək olacaq. Bu da bizə nəticə qazanmaqda çox kömək edəcək", - deyə Z.Məmmədov bildirdi.
Azər Əlizadə