Xatirə turnirinin ilk yarımfinalçıları müəyyənləşdi

Xatirə turnirinin ilk yarımfinalçıları müəyyənləşdi

Ardanış Futbol Akademiyasının təşkilatçılığı ilə şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr olunan həvəskar komandalar arasında Ənənəvi Futbol Turnirində II turun oyunları keçirilib.

Günün ilk matçında B qrupunda yer alan "Ada Təpə" və "Media" üz-üzə gəlib. Qarşılaşma "Ada Təpə"nin 2:1 hesablı qələbəsi ilə bitib.

A qrupunda baş tutan "Göyçə" - "Sadaxlı" görüşündə qalib müəyyənləşməyib - 1:1.

Bu nəticələrdən sonra "Ardanış" və "Ada Təpə" komandaları yarımfinala vəsiqəni təmin edib. Digər iki yarımfinalçının adına oktyabrın 23-də III turda aydınlıq gələcək.

Turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı futbolçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı" və “ən gənc oyunçu” nominasiyaları üçün mükafat, kubok, medal və hədiyyələr nəzərdə tutulub.

İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov "Ardanış", Sirac Abışovun qardaşı Şirzad Abışov isə “Media” komandasında çıxış edir.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.