“Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatlar arasında 22-ci Respublika Spartakiadasına start verilib. 18 Oktyabr - Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Gününə həsr edilən tədbir böyük marağa səbəb olub. Açılış mərasimində çıxış edənlər turnirin əhəmiyyətini yüksək qiymətləndiriblər. “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən spartakiadada iştirakçılar 10 idman növündə - futbol, voleybol, daşqaldırma, kəndirdartma, stolüstü tennis, şahmat, dama, nərd və güllə atıcılığında mükafatlar uğrunda mübarizə aparırlar.
Spartakiadanın keçirilməsində məqsəd zəhmətkeşlərin sağlamlığını möhkəmləndirmək, bədən tərbiyəsi və idman məşqlərinə cəlb etməkdir.
“Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin sədri Fazil Hadıbəyov spartakiada haqqında fikirlərini “Olimpiya dünyası” qəzetinə bildirib. “Spartakiadada 7 təşkilatın komandaları mübarizə aparır. Zenit” İdman Cəmiyyəti hər zaman kütləvi tədbirlərin keçirilməsində fəallığı ilə seçilib. Bu gün keçirilən spartakiada da belə tədbirlərdən biridir. Bu gün spartakiadanın proqramına daxil olan futbol yarışları keçirilir. Turnir iştirakçılarına bu gərgin mübarizədə uğurlar arzulayıram”.
Qeyd edək ki, Respublika Spartakiadasına oktyabrın 23-də yekun vurulacaq.