Oktyabrın 22-də Zəngilan rayonunun Ağalı kəndində “Zəfər yürüşü” triatlon turniri keçiriləcək. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Triatlon Federasiyasının birgə təşkil etdiyi turnir çərçivəsində triatlon (300 metr üzmə, 10 kilometr velosiped sürmə və 2 kilometr qaçış), duatlon (10 kilometr velosiped sürmə, 2 kilometr qaçış) və uşaq qaçışı (1 kilometr) yarışları keçiriləcək. Yarışların üzgüçülük mərhələsi Həkəri çayında salınmış süni göldə, qaçış və velosiped mərhələləri isə Ağalı kəndi ərazisində təşkil ediləcək.
Triatlon və duatlon yarışlarına peşəkar idmançılar, uşaq qaçışında isə Ağalı kənd məktəbinin şagirdləri qatılacaqlar. Tədbir çərçivəsində məktəblilər üçün müxtəlif idman növlər üzrə ustad dərsləri də təşkil olunacaq.
Qeyd edək ki, “Zəfər yürüşü” torpaqlarımızın işğaldan azad edilməsindən sonra vətəndaşlarımızın məskunlaşdığı yaşayış məntəqəsində ilk idman yarışı, ümumiyyətlə isə, azad edilmiş ərazilərimizdə (Şuşa və Suqovuşandan sonra) 4-cü turnir olacaq.
Ağalıda “Zəfər yürüşü” turniri təşkil olunacaq