Həyat insanlara bəxş edilən ən dəyərli nemətdir. Tanrının bəxş etdiyi ömür yolunda şərəflə addımlamaq, büdrəməmək hər insana nəsib olmur. Hər birimiz yaşadığımız həyatda daim yaxşı işlər görməli, bu işlərimizlə digərlərinə örnək olmalıyıq. Fəaliyyət dairəmizdən asılı olmayaraq görəcəyimiz işlərdə peşəkarlıq nümayiş etdirməliyik. Öz işində peşəkarlıq nümayiş etdirərək ömürünün ahıl yaşına qədər kollektivdə sayılıb-seçilən insanlardan biri də Tahir Ələkbərovdur. Təcrübəli mütəxəssisin bu yaxınlarda 70 yaşı tamam oldu. Həyatında növbəti yubiley sevincini yaşayan Tahir müəllimin tərcümeyi-halını nəzərdən keçirərkən görürük ki, qocaman mütəxəssis öz ixtisası üzrə müxtəlif yerlərdə işləmiş, həmin kollektivdə rəhbərliyin etimadını doğrultmuşdur.
Belə ki, Tahir Habil oğlu Ələkbərov 1952-ci il oktyabrın 18-də Masallı rayonunda anadan olub. Müəllim ailəsində dünyaya gözünü açan Tahir müəllim orta məktəbi (1959-1967-ci illər) bitirdikdən sonra Bakı Maliyyə Kredit Texnikumunda (1971-ci il) mühasib ixtisasına yiyələnib. Texnikumun son kursunda təhsil aldığı dövrdə Cəlilabad rayonunun Kalinin adına sovxozunda mühasib işləyib. Daha sonra doğulduğu rayonun Şərəfə kəndində xəzinədar-mühasib kimi fəaliyyətini davam etdirib. Hərbi xidmətdən sonra yenidən fəaliyyətini davam etdirib. Tahir müəllimin ali təhsil almaq arzusu 1974-cü ildə həyata keçib. O, həmin il Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsinin muhasibat uçotu şöbəsinə daxil olub. 1979-cu ildə ali təhsilə yiyələnən Tahir Ələkbərov daha təcrübəli kadr kimi bir sıra sahələrdə işləməyə başlayıb. Əvvəlcə o, İnşaat və Tikinti Materialları Sənayesi Fəhlələri Həmkarlar İttifaqı Respublika Komitəsində maliyyə şöbəsində təlimatçı vəzifəsində, daha sonra sosial sığorta üzrə müavin vəzifəsində yer alıb. 1992-ci ildən 2004-cü ilə qədər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda uçot və hesabat departamentinin direktoru və baş mühasib vəzifəsində çalışan təcrübəli mütəxəssis, eyni zamanda Fondun kollegiya üzvlərindən biri olub. Tahir müəllim təkcə əmək fəaliyyətində deyil, həm də yaxınların, dostların ən etibarlı sirdaşlarından biri hesab olunur. Üç övlad atası olan yubilyar gözəl bir ailənin qurucusudur.
Fürsətdən istifadə edib, Tahir müəllimə, möhkəm cansağlığı, tükənməz həyat eşqi və bir-birini əvəz edən gözəl günlər arzulayırıq.
Yubileyiniz mübarək, Tahir müəllim!