Zəngilan rayonunun Ağalı kəndində Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Zəfər yürüşü” triatlon turnirinin açılış mərasimi keçirilib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış mərasimində çıxış edən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək belə bir əhəmiyyətli tədbirin təşkili üçün Gənclər və idman Nazirliyinə, federasiya rəhbərliyinə minnətdarlığını bildiriblər.
Daha sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iki il bundan əvvəl Müzəffər Ali Baş Komandan və rəşadətli ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad edildiyini, Şuşada, Suqovuşanda artıq beynəlxalq turnirlərin keçirildiyini diqqətə çatdırıb. Bu günlər Suqovuşanda ikinci dəfə avarçəkmə yarışlarının təşkil edildiyini vurğulayan nazir bunun idman bayramı olduğunu vurğulayıb.
Qeyd edək ki, “Zəfər yürüşü” turniri çərçivəsində idmançılar triatlon (300 metr üzmə, 10 kilometr velosiped sürmə və 2 kilometr qaçış) yarışında mübarizəyə start veriblər. Sonra duatlon (10 kilometr velosiped sürmə, 2 kilometr qaçış) və uşaq qaçışı (1 kilometr) yarışları təşkil ediləcək. Yarışların üzgüçülük mərhələsi Həkəri çayında salınmış süni göldə, qaçış və velosiped mərhələləri isə Ağalı kəndi ərazisində keçiriləcək.
Triatlon və duatlon yarışlarında peşəkar idmançılar, uşaq qaçışında isə Ağalı kənd məktəbinin şagirdləri iştirak edəcəklər.
Ağalıda “Zəfər yürüşü” turnirinin açılış mərasimi olub